Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xoşbəxt Yusifzadə "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğın nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib. SİA-nın məlumatına görə, vitse-prezident itkin düşənlərin axtarışlarının davam etdirildiyini bildirib.
"Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında 8 nəfər stasionar müalicə alır. Onların vəziyyətləri qənaətbəxşdir". Bu barədə Xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. N. Mehdiyev qeyd edib ki, qəza baş verən gün gün ümumilikdə Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub: "22 nəfər təkrar müayinələrə cəlb olunmaq şərti ilə, ambulator yardım göstərilərək evə buraxılıb. Onlardan yalnız bir nəfər ürəkbulanması diaqnozu ilə təkrar stasionar müalicəyə cəlb olunub. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabil olaraq qiymətləndirilir. Burada müalicə olunan 8 nəfərdən 1-də baldır sümüyünün orta hissəsində sınıq olduğundan təcili əməliyyat olunub. Hazırda stasionarda müalicə alanların hamısının vəziyyəti stabildir".
Onun sözlərinə görə, stasionarda müalicə olunan şəxslərin bundan sonrakı əmək qabiliyyətində heç bir problem yoxdur: "Bu gün mütəxəssislərin rəyindən sonra xəstələrin bəziləri evə buraxılcaq. Xəsarət alanların vəziyyətləri daim nəzarətdədir. Onlara psixoloqlar təyin olunub ki, onlar Neftçilər Xəstəxanasında xəstələrlə görüşüb, lazımi yardım göstəriblər. Bu insanlar ordu əsgərləri kimi psixoloji cəhətdən çox möhkəmdirlər. Bu insanlar qəhrəmanlardır. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır".
Hadisə zamanı xəsarət alanlarla apardığımız söhbətlərdə hadisənin təfərrüatlarını öyrənməyə çalışdıq. Platformanın rəisi Allahverdi Məmmədov qeyd edib ki, güclü partlayış zamanı külək şimal-qərb küləyi olduğu üçün alov bütün platformanı bürüşümdü: "Mən bunun qarşısını almağın mümkünsüzlüyünü görüb insanları, yəni 63 nəfəri bir yerə topladım. Həmin dəqiqədən etibarən təhlükəsizliyimiz üçün müəyyən addımlar atdım. Alovun geniş vüsət almışdı... Bu baxımdan da biz qayıqlara minməyi qərara aldıq. Dalğaların hündürlüyü 10 metrə qədər idi. Bizim qayığı dalğa vurub dəmirlərin arasına saldı. Qayıqda 26 nəfər idik. Mənimlə birlikdə digər işçilər də məhz qayığın platformanın dəmirlərinə çırpılması nəticəsində xəsarət aldılar. Dəhşətli mənzərə idi. Bizim qayıq dəmirlərə ilişdiyi üçün sağ qaldıq".
Mərdan Rəcəbov onu da vurğulayıb ki, o anda ailəmdən də çox yoldaşlarımı düşünürüdüm: "Heç ailəmə də xəbər vermədim ki, hadisə baş verib. İlk növbədə telefonun enerjisini tükətməli deyildim. Çünki enerji yox idi. Əvvəlcə yoldaşlarımı sonra ailəmi düşünürüdüm".
Başından kəllə-beyin travması alan Rəşid Hüseynov bildirib ki, güclü külək onun mindiyi qayığı platformaların arasına tullayıb: "Qayıqlara şimal tərəfdən mindik. Çünki hər yan tüstü içində idi. Ona görə də məcbur olub şimala üz tutduq. Külək qayığı ora bura vururdu. Bəlkə də xoşbəxtlikdən qayıq platformanın arasına düşdü. O anda elə bilirdik ki, ölmüşük. Ayılanda hiss elədim ki, sağam, ancaq xəsarət almışam.
Platformada olan yeganə qadın Məlahət Əliyeva bildirib ki, axşam saatları olduğundan işimizi bitirib dincəlirdik: "Birdən güclü bir partlayış səsi Nəsə qəribə səs eşitdim. Çölə çıxanda gördüm ki, hər tərəf tüstü içərisindədir. Hansı qapıya yaxınlaşırdıq alov vururdu üstümüzə. Bir təhər çıxıb, xilasedici formanı geyinib qayıqlara tərəf qaçdıq. Qayığa biz mindiyimizdə saat 18 radələri idi. Növbəti gün saat 14 radələrində gəlib bizi xilas etdilər. Xilasedicilər dalğalara görə qayığa yaxınlaşa bilmirdilər. Oradan sağ çıxmağımız özü bir möcüzədir. Allaha dualar edirdim ki, bizi ailəmizə bağışlasın. Bundan sonra deyə bilmərəm ki, yenidən dənizdə işləyəcəyəm. Uşaqlarımın ağlamaq səsi qulaqlarımdan getmir. O anları Allah heç bir bəndəsinə yaşatmasın".
Mərdan Rəcəbov isə hadisəni belə şərh etdi: "Birdən möhkəm səs eşitdik. Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı. Hadisənin bu qədər faciəvi hal almasına səbəb dalğaların həddindən artıq güclü olması oldu. Saatlarla xilasedicilər bizə yaxınlaşa bilmədilər. Bir yandan alov, bir yandan da külək. Yoldaşlarımız olan qayıq da elə küləyin sürətindən dalğalara çırpılaraq yoxa çıxdı. Onların ailəsinə səbir diləyirəm".
Qeyd edək ki, dekabrın 4-də saat 17.36 radələrində "Azneft" İstehsalat Birliyinin (Dövlət Neft Şirkətinin hasilatçı strukturu) 28 May adına Neft və Qaz Çıxarma İdarəsinə məxsus dayazsulu "Günəşli" yatağında yerləşən 10 N-li stasionar platformada qəza baş verib. Məhz həmin anda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dənizdə keşik çəkən xüsusi gəmisi "SOS" siqnalı qəbul edib. Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB