"Türkiyə Suriyada güc balansının dəyişməsindən ehtiyat etdiyinə görə, Rəcəb Tayyib Ərdoğan Rusiya bombardmançısı Su-24-ün vurulması addımına razılıq verdi". SİA xəbər verir ki, bu fikirləri Suriyanın prezidenti Bəşər Əsəd Çexiya televiziyasına verdiyi müsahibəsində deyib.
Bəşər Əsəd Türkiyə tərəfini ittiham edərək deyib ki, bu kimi insidentin yaşanması Suriya ilə Rusiyanın terrorçuluğa qarşı mübarizəsinin qarşısını almayacaq: "Terrorçuluğa qarşı müharibə davam edir. Rusiyanın bu istiqamətdə bizə olan dəstəyi yalnız arta bilər. Onlar (Rusiya) istənilən halda güclü olacaqlar. Bu məsələdə geriyə addım atılmayacaq"-deyə Suriya prezidenti bildirib.
Onun sözlərinə görə, müxalifətlə əməkdaşlıq edilə bilər. Lakin nüəyyən şərtlərlə: "Onlar ilk növbədə mövqelərini dəyişməlidirlər. Əgər müxalifətçilər mövqe dəyişikliyi etsələr, əlbəttə ki, biz də onlarla iş birliyinə gedərik. Ancaq söhbət İŞİD-dən, "ən-Nüsra"dan, eləcə də "Əl-Qaidə"dən gedirsə, onlar silahı yerə qoyub hökumətlə danışıqlara getmək barədə fikirləşmirlər".
Əsəd eyni zamanda Qərbi terrorçuluğa dəstək verməkdə günahlandırıb. O, Qərb güclərinə xitabən deyib ki, onlar həqiqətən də terrorçuluğa qarşı mübarizə apararaq onları məhv etmək istəyirlərsə, potensial cinayətkarlara göndərdikləri maliyyəni və silah təchizatını dərhal dayandırmalıdırlar. Suriya prezidenti iddia edib ki, istər silah yardımı, istərsə də maliyyə əsas olaraq Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə Türkiyə ərazisindən keçirilir. Bunun qarşısı alınarsa, həmin addım terrorçuluqla mübarizədə ilk olacaq".
Bəşər Əsəd açıq və demokratik seçkilərdə məğlub olacağı təqdirdə prezident postundan əl çəkəcəyini istisna etməyib. Lakin hazırkı məqamda o dövlət rəhbərliyindən getməyin mümkünsüz olduğunu deyib: "Əlbəttə, müharibənin getdiyi bir zamanda mən digər bəhanələr gətirərək deyə bilmərəm ki, prezidentlik kürsüsündən imtina edirəm. Bunu etsəm, vətən xaini olaram. Əgər seçkilər baş tutsa, seçim qərarı Suriya xalqının olacaq. Xalq istəsə ki, mən hakimiyyət başında qalım, məmnuniyyətlə bunu qəbul edərəm. Yox, əgər bunu istəməsələr, yenə də də məmnuniyyətlə istefaya gedərəm".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB