Deputat: “Bu gün Ermənistan çıxılmaz vəziyyətə düşüb” AÇIQLAMA

Deputat: “Bu gün Ermənistan çıxılmaz vəziyyətə düşüb” AÇIQLAMA

"Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinə baxmayaraq, hələ də bəzi beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşırlar. Hələ də Ermənistandan beynəlxalq hüquq normalarına riayət edilməsi tələb edilmir, əksinə Rəsmi İrəvanla ikitərəfli əməkdaşlıq edilir. Bütün bunlar hələ də beynəlxalq aləmdə müəyyən dairələrin ikili standartla yaşamasından irəli gəlir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bəzi beynəlxalq qurumların, həmsədr dövlətlərinin Azərbaycana qarşı qeyri-konstruktiv mövqe sərgilməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, uzaq 90-cı illərdə Küveyt İraq tərəfindən işğal ediləndə ABŞ rəhbərliyində koalisiya yaradıldı və İraq qoşunları oradan çıxarıldı: "Kosova məsələsində isə dünya birliyi, hətta Kosovanın müstəqilliyinə qədər getdi. Bu gün Krım məsələsində dünya birliyi yekdillik nümayiş etdirir. Amma Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Azərbaycan və Ermənistandan ümumu razılığa gəlmək tələb edilir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Azərbaycanın xarici siyasətində bu faktorlar çox böyük rol oynayır. Azərbaycan öz ərazi bütövlüyünü heç nəyə güzəştə getməyəcəyini, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması üçün sona kimi gedəcəyini dəfələlərlə bəyan edib. Məhz bunun nəticəsidir ki, Ermənistan bu gün çıxılmaz vəziyyətə düşüb".

A. Mirzəzadə əlavə edib ki, rəsmi İrəvanın iqtisadi vəziyyəti ağırlaşır və əhalisi durmadan ölkədən köçüb gedir: "Beləcə işğalçı ölkə çökməkdə davam edir. Son günlər cəbhə xəttində Ermənistanın bir-birinin ardınca məğlubiyyətləri göstərir ki, Azərbaycanın tutduğu yol düzgündür. Ümumilikdə götürdükdə, Azərbaycan beynəlxalq qurumlardan ədalət, beynəlxalq hüquq normalarına riayət edilməsini gözləyir. Hər bir halda ölkəmiz qətiyyətlə özünün ərazi bütövlüyü məsələsini önə çəkəcək və bu yolda mübarizə aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə