Asim Mollazadə: “Avropa sərt münasibət sərgiləyir” AÇIQLAMA

Asim Mollazadə: “Avropa sərt münasibət sərgiləyir” AÇIQLAMA

"Avropanın bir sıra strukturlarında erməni lobbisinin fəaliyyətinin güclənməsi çox ciddi təzyiqlər yaradır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə almaniyalı ekspert Mattias Dornfeldtin "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan imtina etməlidir" fikrinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, beynəlxalq hüquq normalarına göz yummaq sonda Avropa strukturlarının sərt münasibət sərgiləməsinə gətirib çıxarır: "Bu, özü-özlüyündə Avropanın gələcəyi barədə düşünən analitikləri də çox narahat edir".

Qeyd edək ki, Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt bildirib ki, 21 ildən çoxdur beynəlxalq hüquqa zidd olaraq erməni hərbi işğalı altında olan Dağlıq Qarabağda ötən bazar keçirilən qeyri-qanuni bələdiyyə seçkiləri region əhalisinin iradəsini əks etdirmir: "1994-cü ildə atəşkəs haqqında saziş imzalananadək ərazinin azərbaycanlı əhalisi qəddarcasına öz torpaqlarından qovulub. Hazırkı Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, erməni hərbi qüvvələrinin qaçaraq canlarını qurtarmaq istəyən insanlara - qadın və uşaqlara qarşı həyata keçirdikləri Xocalı soyqırımı faciənin pik nöqtəsi oldu".

M. Dornfeldt bəyan edib ki, erməni diasporu tərəfindən maliyyələşdirilən müşahidəçilər seçkilərlə legitimlik vermək məqsədilə monitorinq keçirsəydilər belə, seçkilərin heç bir beynəlxalq əsası olmayacaqdı. Almaniyanın nə Xankəndində olan rejimi, nə də keçirilən seçkiləri tanımadığını vurğulayan ekspert Avropa İttifaqının xalqların öz müqəddəratını təyin etmə prinsipini əsas gətirərək Dağlıq Qarabağ münaqişəsində ikili siyasət apardığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə