Millət vəkili: “Məhkəmənin qərarlarına müdaxilə etmək olmaz” AÇIQLAMA

"Xədicə İsmayıl və Leyla Yunusun məhkəməsinin çıxardığı haqlı qərara beynəlxalq təşkilatlar və bəzi ayrı-ayrı fərdlərin qərəzli yanaşması onların ikili standartlı mövqeyə malik olmasından xəbər verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə söyləyib.

Millət vəkili qeyd edib ki, ABŞ Dövlət Departamentinin bu məsələlərlə bağlı bəyanatı, "dünyada 20 qadının azad olunması" ilə bağlı Leyla Yunus və Xədicə İsmayılın da adının həmin siyahıya daxil edilməsi, ATƏT və digər qurumların bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin işinə müdaxilədən başqa bir şey deyil: "Məhkəmə hakimiyyəti müstəqildir və onun qəbul etdiyi qərarlara müdaxilə etmək olmaz. Millət vəkillərinin də məhkəmənin icrasında olan işlərə hər hansı bir formada müdaxilə etməsi qadağandır. Hesab edirəm ki, bu cür qurumlar dərk edə bilmirlər ki, sözügedən şəxslərin məhkəməsinin qəbul etdiyi qərar hələ qüvvəyə minməyib. Yəni bu şəxslərin şikayət etmək hüququ var və bundan sonra məhkəmələrin qəbul etdiyi qərarlar qanuni qüvvəyə minəcək. Belə bir məqamda tələm-tələsik bu cür bəyanatlar, açıqlamalar vermək təzyiqdən başqa bir şey deyil. Bu da məhz ABŞ-ın o adamlara qarşı istəyindən irəli gəlmir. Bu sadəcə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların tərkib hissəsi, məhkəmənin işinə müdaxilə və ölkənin daxili işlərinə qarışmağıdır. Bu da yolverilməzdir. Azərbaycan bütün dövlətlərlə, təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. Bir sözlə bizə qarşı olan qeyri-səmimi münasibətlər normal əməkdaşlığa kölgə sala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...