Münaqişənin həllinə mane olan SƏBƏBLƏR

Münaqişənin həllinə mane olan SƏBƏBLƏR

"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin kölgədə qalmasının bir çox səbəbləri var. İlk növbədə məsələnin kökündə ATƏT-in Minsk qrupu həmsədrlərinin arasında olan ciddi ziddiyətlər dayanır. Digər tərəfdən həmsədrlərin regional münaqişələrin həllində aciz qalmaları və yaxud da ikili standartlardan çıxış etmələri də münaqişənin həllinə mane olan səbəblər sırasındadır ". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini politoloq Elçin Mirzəbəyli açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi də səbəblər sırasına daxildir: "Ermənistanın daxilində baş verən hadisələr işğalçı dövlətin indiki hərbi cinayətkar rejimini daha aqressiv mövqe sərgiləməyə sövq edir. Daxildəki proseslərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışmaları da real bir faktdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, prosesi irəli aparmağa mane olan kifayət qədər səbəblər var".

Elçin Mirzəbəyli onu da qeyd edib ki, Azərbaycan şübhəsiz öz ordusunun potensialını gücləndirir, inkişaf etdirir: "Ölkəmiz beynəlxalq miqyasda öz tərəfdaşlarının sayını artırmağa çalışır və ildən-ilə inkişafa doğru addımlayır. İndiki şəraitdə Azərbaycanın edə biləcəyi mümkün olan bütün variantlar bundan ibarətdir. Yəni, bunlardan kənarda istənilən formada atıla biləcək provokasiya xarakterli addımlara diqqət yetirmək, ölkənin təhlükəsizliyini təmin etmək birinci növbədə dövlətimizin prioritetidir və bu istiqamətdə Azərbaycan öz siyasətini davam etdirir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə