Milli Mətbuatın yaranmasının 140 illiyi qeyd olunub YENİLƏNİB

Milli Mətbuatın yaranmasının 140 illiyi qeyd olunub YENİLƏNİB

Bu gün Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Tədbirə Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı filmin nümayişi ilə start verilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olunub. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Sonra isə Bakı-2015 Birinci Avropa Oyunlarını ən geniş işıqlandıran kütləvi informasiya vasitələri ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti olub. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Azad Azərbaycan Televiziyası, üçüncü yerə isə Trend və APA informasiya agentlikləri və "Azərbaycan" qəzeti layiq görülüb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov isə "UBM Group" şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib.

Ə.Həsənov həm də "PAŞA Bank"ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb. "UBM Group" şirkəti tərəfindən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə isə Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətinə görə mükafat təqdim edilib.

Daha sonra Mətbuat Şurası tərəfindən bir sıra media qurumlarının nümayəndələrinə Ali Media mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Ali Media Mükafatının II dərəcəsinə "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının III dərəcəsinə isə "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin layiq görülüblər.

Sonra "Azərbaycanın milli maraqlarının təbliği sahəsində" səmərəli fəaliyyətinə görə Səs İnformasiya Agentliyi diploma layiq görülüb. Diplomu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyevə təqdim edib.

Tədbirdə həmçinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Mükafata layiq görülənlər arasında SƏS Media Qrupun əməkdaşı Ceyhun Əyyubov da olub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə