Mübariz Abdullayev: “Bu, bizim əməyimizə verilən yüksək qiymətdir” MÜNASİBƏT

Mübariz Abdullayev: “Bu, bizim əməyimizə verilən yüksək qiymətdir” MÜNASİBƏT
"Böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı ötən 140 ildə layiqli inkişaf yolu keçərək bugünkü yüksək səviyyəyə çatıb". Bu fikirləri SİA-ya Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülmüş "Yeni Azərbaycan" qəzetinin müxbiri Mübariz Abdullayev deyib.

Mübariz Abdullayev qeyd edib ki, milli mətbuatımızın inkişafında izlənilən müxtəlif mərhələlərdə hər dövr öz təsirini göstərib və öz izini qoyub: "Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonrakı dövrdə ölkəmizdə mətbuatın inkişafına göstərilən hərtərəfli qayğı xüsusilə diqqətəlayiqdir. Bu gün Azərbaycan mətbuatı tarixdə heç bir vaxt olmadığı qədər geniş imkanlara malikdir. Bu cəhət yalnız internet resurslarının yaratdığı informasiya almaq və yaymaq sərbəstliyi ilə şərtlənmir, daha çox dərəcədə dövlətin mətbuatın inkişafına göstərdiyi güclü siyasi iradədə ifadə olunur. Ölkəmizdə əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan mətbuata və media təmsilçilərinə hərtərəfli qayğı göstərilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Respublikamızda mətbuat azadlığı, söz və fikir plüralizmi tam şəkildə təmin olunub. Ölkədə siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərin sərbəst fəaliyyəti təmin olunur. Eyni zamanda dövlət mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində və media təmsilçilərinin sosial müdafiəsinin gücləndirilməsində maraqlıdır. Bu məqsədlə mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun olaraq KİV-lərə mütəmadi qaydada vəsait ayrılır. Azərbaycanda jurnalistlər dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin olunurlar ki, bu da dünyada nadir nümunədir. Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illiyi ərəfəsində kütləvi informasiya vasitələri təmsilçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi haqqında sərəncamlar imzalaması ölkəmizdə mətbuata, media təmsilçilərinə göstərilən dövlət qayğısının növbəti ifadəsidir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən mən də respublikanın "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşəm. Mən fəaliyyəti dövründə milli mənafeyə söykənən uğurlu siyasəti ilə ölkənin hər bir vətəndaşının qürur mənbəyinə çevrilən Prezident İlham Əliyevin Sərəncamı ilə belə yüksək ada layiq görülməyimi həyatımın ən yaddaqalan anlarından biri kimi dəyərləndirirəm. Bu, bizim əməyimizə verilən yüksək qiymətdir. Prezidentin media təmsilçilərinə böyük qayğısı jurnalistləri sevindirməklə yanaşı, məsuliyyətimizi də birə beş qat artırır. Biz jurnalistlər, dövlətin qayğısına işimizə daha peşəkar yanaşmaqla və yazılarımızda daha artıq dərəcədə vətəndaş mövqeyi nümayiş etdirməklə cavab verməliyik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə