Eks-cəbhəçi: “AXCP-dən davamlı istefalar qaçılmazdır” İDDİA

Eks-cəbhəçi: “AXCP-dən davamlı istefalar qaçılmazdır” İDDİA

"AXCP-dən davamlı istefalar qaçılmazdır. Çünki qruplaşmaların bir-birlərinə qarşı apardığı işlər belə nəticəyə gəlməyə zəmin yaradır". Bu fikirləri SİA-ya eks-cəbhəçi funksioner, partiyanın Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu təşkilat daxilində baş verən son qrşıdurma proseslərinə aydınlıq gətirərkən deyib. Sabiq funksioner bildirib ki, o daha öncələr də partiya daxilində qarşıdurmaların yaşanacağını proqnozlaşdırmışdı.

"Yerdə qalanlar bu qrupların təzyiqlərinə məruz qalacaqlar"

Sitat: "Mən daha qabaq da bu barədə fikir bildirmişdim. Artıq deyilənlər öz təsdiqini tapmaqdadır. Çünki AXCP-də bir neçə qruplaşma var və həmin qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərməkdədir".

Tanrıverdioğlunun sözlərinə görə, AXCP sədri daha çox Fuad Qəhrəmanlı və Sahib Kərimli qrupuna meyllidir: "Əli Kərimli eyni zamanda Həsən Kərimov - Gözəl Bayramlı qrupunu da əldən vermək istəmir. Ümiyyətlə, onlardan kim daha üstün olacaqsa, önə çıxaraq, qrupunu böyütməyə nail olacaqsa, Əli Kərimli də onları seçəcək. Ancaq görünən həm də budur ki, vaxtilə Əli Kərimli digərlərinə qarşı oynadığı oyunbazlıqlarının cavabını almaqdadır".

Sabiq cəbhəçi Əli Kərimlinin siyasətindən narazı olan AXCP üzvlərinin məhz həmin qrup tərəfindən küncə sıxışdırılacağını bildirib: "Yerdə qalanlar isə bu qrupların təzyiqlərinə məruz qalacaqlar. Daha qabaqcadan da dediyim kimi, qarşıdan gələn ayda, xüsusilə qurultayöncəsi və qurultaydan sonra kütləvi və qarşısıalınmaz istefalar baş qaldıracaq".

Xatırladaq ki, bir müddət öncə partiyadan aparıcı funksionerlər – müşavirlər, müavinlər, şöbə müdirləri istefa verərək, bunu Əli Kərimlinin avtoritar idarəçiliyinə etiraz olaraq etdiklərini bəyan ediblər. Hazırda da həmin prses davam etməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə