"Nüvə müzakirələri razılaşma ilə nəticələndi"
İran ilə yeni səhifə...

Tehran ilə Almaniya və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, İngiltərə, Fransa, Rusiya, Çinin meydana gətirdiyi "altılıq" qrupu arasında İranın nüvə proqramına dair həyata keçirilən müzakirələr nəhayət ki, razılaşma ilə nəticələndi. SİA xarici mətbuata istinadən xəbər verir ki, aprelin 2-də Cenevrədə əldə olunmuş anlaşmaya əsasən yekun müqavilə üçün son tarix iyunun 30-da bitsə də, tərəflər müddəti uzatmışdılar. İyulun 14-də Vyanada 18 gün davam edən aramsız danışıqlar başa çatıb və tərəflər yekun anlaşmanı imzalayıblar.

Məsələyə ilk olaraq Avropa Birliyi mətbuat katibi Katerine Ray reaksiya verib. K. Ray bəyan edib ki, anlaşma əldə olunub. İran XİN rəhbəri isə anlaşmanı "mükəmməl olmasa da, tarixi sənəd" adlandırıb. Bəzi xarici mənbələr yazıb ki, tərəflər İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında İrana qarşı iqtisadi embarqoların ləğv olunmasında razılaşıb.

Məlumata görə, İran və "altılıq" ölkələri arasında anlaşma 100 səhifəlik mətndən ibarətdir. Müqavilənin bir hissəsi daha əvvəldən razılaşdırılsa da, bir sıra mühüm bəndlərdə anlaşma əldə etmək mümkün olmurdu. Ən əsas problemlərdən biri isə Beynəlxalq Atom Enerjisi Qurumunun müfəttişlərinin İranın nüvə mərkəzlərinin mümkün hərbi imkanlarını araşdırması, ehtimal olunan nüvə daşıyıcıları ilə bağlı tədqiqat aparması imkanları, həmçinin İranın BMT-nin silah embarqosunun ləğv olunması və BMT TŞ qərarlarında İranın nüvə fəaliyyətlərinin qanunsuz olmadığını göstərməsi ilə bağlıdır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə