“Virtual həyat və milli mənəvi dəyərlərimiz” TƏDBİR-FOTOLAR

“Virtual həyat və milli mənəvi dəyərlərimiz” TƏDBİR-FOTOLAR

Bu gün Lider Qadınlar İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Virtual həyat və milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən millət vəkili Məlahət İbrahimqızı milli mənəvi dəyərlərimizə nəzər salaraq qeyd edib ki, hər bir xalqın milli mənəvi dəyərləri onların milli özgürlüyünün, milli özünü dərkin inkişafına, qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir: "Bu mənada xalqımızın uzun əsrlik tarixə malik milli mənəvi dəyərləri var və həmin dəyərlər çətin sınaqlardan keçərək günümüzə qədər gəlib çıxıb. Ona görə də hər birimiz bu dəyərlərə sadiq qalmalı, onu qoruyub saxlamalıyıq. Təəssüf ki, texnologiyanın sürətli inkişafı bəzi hallarda yetişməkdə olan nəslin tərbiyəsinə ciddi şəkildə təhdidlər yaradır. Bu isə virtual məkanda özünü daha qabarıq şəkildə göstərir. Bunun qarşısını almaq üçün mütəmadi olaraq paytaxt Bakı ilə yanaşı regionlarda, məktəblərdə, ali təhsil müəsisələrində tədbirlər həyata keçirmək lazımdır".

Daha sonra çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova tədbirin məqsədi ilə bağlı iştirakçılara məlumat verərək deyib ki, gənclərin tərbiyəsi, cəmiyyəti yeri və rolu, milli dəyərlərə sadiqliyi günümüzün ən vacib məsələlərdindəndir: "İnternetdən, sosial medaiadan istifadə edərkən yalan söyləməkdən uzaq durun, qarşı tərəfə nifrət etməyin, təhqir, hörmətsizlik etməyin, xətalarınızı düzəltməkdən qaçmayın. İctimai xadimlər, QHT nümayəndələri bu məsələdə həssas olmalı, bununla bağlı tədbirlər görməlidirlər".

Çıxış edən millət vəkilləri Sahibə Qafarova, Qənirə Paşayeva və Sevinc Fətəliyeva, Jalə Əliyeva əsas məsələnin ailələr arasında maarifləndirilmə olduğunu qeyd edərək bildiriblər ki, virtual məkanda bəzi saytlar qeyri-etik yazılar paylaşıralar: "Bu da böyüməkdə olan gənc nəslin tərbiyəsində böyük problemlər yaradır. Ailələr çalşmalıdırlar ki, uşaqlara doğru olanı göstərə bilsin, onlara düzgün yolda addımlamağı öyrədə bilsin. Sosial şəbəkələrdə lazımsız materialların yerləşdirilməsinin qarşısını almaq üçün addımlar atılmalıdır ki, bu cür materiallarla uşaqlar tanış ola bilməsinlər. Çünki istər-istəməz sosial şəbəkə istifadəsi olan uşaqlar, gənclər belə yerləşdirmələrlə tanış olmağa meyl edəcək v bu da sonuc olaraq heç də yaxşı nəticələr verməyəcək. Hesab edirik ki, bunun üçün ictimai qınağın olması olduqca mühümdür. Çünki bəzi problemlərin həllində ictimai fikir böyük rola malikdir".

Millət vəkilləri həmçinin bu mövzu ilə əlaqədar müvafiq qurumlara müraciət ediləcəyini də vurğulayıblar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə