Gənclər həqiqi hərbi xidmətə yola salınıb

Gənclər həqiqi hərbi xidmətə yola salınıb

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2015-ci il iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. SiA-nın məlumatına görə, iyulun 8-də Xətai rayonundakı Heydər Parkında Şuşa, Laçın, Zəngilan, Cəbrayıl rayonlarından olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, ictimaiyyətin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.

Çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Çıxışçılar Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda inamlı addımlar atılır.

Valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiklərini deyiblər. Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər. Gənclər dövlət bayrağımıza ehtiramlarını bildirərək, musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə