Vətənin xilası, xalqın qurtuluşu...

Vətənin xilası, xalqın qurtuluşu...

"15 iyun - Milli Qurtuluş Günü... Düz 22 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı". Bunu SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib.

YAP Sabunçu rayon təşkilatının sədri bildirib ki, 15 iyun Milli Qurtuluş Gününün gələcəkdə də Azərbaycan tarixində bir əlamətdar gün kimi qeyd olunacaq: "1993-cü ildə Azərbaycanda bütün sahələrdə böhran və tənəzzül hökm sürürdü. İqtisadi, siyasi, sosial, maddi, mədəni sahələr ciddi böhran keçirirdi. Torpaqlarımız işğal altında idi. Həm xaricdən ölkəmizə qarşı təcavüzkar siyasət yeridilirdi, həm də daxildə, cənubda separatçı Talış Muğan Respublikası, şimalda isə sadvalçılar baş qaldırmışdı. Eyni zamanda, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi".

Azərbaycanın böyük bir təhlükə ilə üz-üzə olduğu bir zamanda xalqın Ulu Öndər Heydər Əliyevə üz tutmasının və Onun hakimiyyətə gəlməsini istəməsinin ən düzgün seçim olduğunu deyən M.Abasquliyeva bildirib ki, Heydər Əliyev xalqının harayına cavab verdi və hakimiyyətə gəldi: "O, Azərbaycan xalqını fəlakətdən qurtardı. Necə ki, Atatürk qurtuluş savaşında Türkiyəni fəlakətdən qurtardı, eləcə də 1993-cü il iyunun 15-də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin, xalqının, bütövlükdə regionun, Türk dünyasının bugünkü taleyində bir dönüş nöqtəsi oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qüvvəsi ilə daxildəki problemləri həll etməyə çalışırdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1994-cü ilin sentyabrında əsrin neft müqaviləsi imzalandı. Ondan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi böyük layihələrin əsası qoyuldu. Bu layihələr tək Azərbaycan üçün əhəmiyyətli deyildi, həm də Avropanın enerji təhlükəsizliyi probleminin həllinə də böyük töhfə verdi. Bütün əldə olunan uğurlar Azərbaycanın sağlam inkişafına səbəb oldu".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə