Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların 2015-ci il buraxılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin rəhbərləri, eləcə də nazirliyin şəxsi heyətlə iş üzrə baş idarənin nümayəndəsi, vaxtilə məzun olan indi isə müxtəlif vəzifələrdə çalışan zabitlər iştirak edib.
İlk öncə şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov bildirib ki, özündə yüzlərlə vətənpərvər gənci birləşdirən Lisey müasir hərbi təhsil müəssisəsinə çevrilib: "Liseyin müəllim və zabit heyəti öhdəsinə düşən vəzifənin məsuliyyətini və şərəfini dərindən dərk edir. Kursantlarımız mənsub olduqları torpağın layiqli müdafiəçiləri olmaq üçün fəallıq göstərir, hərbi peşənin sirlərinə dərindən yiyələnirlər. Hər il liseyin məzunu olan yüzlərlə kursant ölkəmizdə və xaricdə ali hərbi təhsillərini davam etdirirlər. Bu gün 300-dən yuxarı kursant məzun olub. Məzun olandan sonra onlar Ulu Öndər Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunacaqlar".
Qeyd olunub ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluş tarixinin bəhrələri çoxdur. Onlardan biri də müstəqilliyimizin rəmzinə çevrilən Milli Ordumuzun yaradılmasıdır. Bu gün qürurla deyirik ki, qətiyyətli və müdrik Lider Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan Ordusu yarana və indiki səviyyəyə gəlib çata bilməzdi. Müasir Azərbaycan Ordusunun bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması Ulu Öndərimizin gərgin əməyinin və yorulmaz dövlətçilik fəaliyyətinin nəticəsidir.
Hərbi liseyin rəisi kursantlara uğurlar arzulayıb.
Sonra təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurulub, orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Daha sonra məzunlara buraxılış münasibətilə döş nişanları, atestatlar verilib və xatirə albomları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB