"ABŞ dünyada özünü demokratiyanın beşiyi, bayraqdarı hesab edir və dünya ölkələrinə demokratiya, insan haqları dərsi keçmək istəyir. Amma burada Napoleon Bonapartın "kimin hansı məsələdə ciddi problemi varsa, ən çox ondan danışır" sözləri yerinə düşür. Bu gün ABŞ qədər demokratiyadan danışan ikinci bir dövlət tapmaq mümkün deyil". Bu fikirləri SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu sferada ən ciddi problemləri, məhz ABŞ yaşayır: "Hesab edirəm ki, ABŞ-da bu sahədə bir ənənə mövcuddur. Tarixdən bəllidir ki, 1492-ci ildə Amerikaya gedən Xristofor Kolumb öz xatirələrində yazırdı ki, oranın yerli əhalisi onları çox mehriban qarşılayıblar və qonaqpərvərdirlər. Buna görə də 50 nəfər əsgər kifayətdir ki, yerli əhalini qısa müddətdə əsarətə almaq mümkün olsun. ABŞ-da insan hüquq və azadlıqları məsələsi sonuncu yerdədir. Çünki, Amerika qitəsinin yerli əhalisi hindulara qarşı soyqırım siyasəti aparıldığı hamıya bəllidir. Yəni, bir ənənə var. Bu baxımdan Baltimorda baş verən hadisələr təəccüb doğurmur. Baxmayaraq ki, ABŞ-da 1964-cü ildə konstitusiyaya edilmiş 24-cü dəyişikliyə görə hər kəs qanun qarşısında bərabərdir. Reallıq isə bundan ibarətdir ki, hər kəs qanun qarşısında bərabər deyil. Əslində ABŞ əhalisinin 64 faizini təşkil edən "ağlar" real hüquqların daşıyıcılarıdır, qalan əhali isə heç bir real hüquqa malik deyil. Yəni, hər şey sənədlərdə mövcuddur. İlk dəfə 1619-cu ildə Afrikadan Amerikaya qara dərili insanlar gətirildi. Həmin vaxtdan bu günə qədər onların real hüquqları olmayıb".
"Baltimorda baş verən hadisələr göstərdi ki, ABŞ-da polisin qara dərili insanlarla davranışı cəngəllik qanunları ilə tənzimlənir. ABŞ-da insan hüquq və azadlıqları ilə bağlı məsələlər sanki başqalarından tələb etmək üçündür, özlərinə bunun heç bir aidiyyatı yoxdur. Bu reallıqdır və acı təəssüf hissi doğurur. Əslində dərinə getsək ABŞ-ın bu davranışına təəccüblənmirəm. Çünki, ABŞ dünyada yeganə dövlətdir ki, yarandıqdan 11 il sonra konstitusiya qəbul edib, 89 il sonra köləliyi ləğv edib, 144 il sonra qadınlara seçki hüququ verib. Halbuki 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk dəfə olaraq qadınlara səsvermə hüququ verib. Bundan başqa ABŞ yaranmasından 188 il keçəndən sonra vətəndaşlarına qanun qarşısında bərabərlik hüququ verib. Bugünki reallıqlar isə göstərir ki, ABŞ-da heç bir insan hüquq və azadlıqlarından söhbət belə gedə bilməz. Yalnız seçilmiş insanların belə bir səlahiyyəti var" – deyə, E. Nəsirov deyib.
Politoloq hesab edir ki, ABŞ-ın insan hüquq və azadlıqları, demokratiya ilə bağlı bəyanatları insanlarda artıq inamsızlıq yaradır və özü-özlüyündə çox vacib olan bu terminlərin real məzmunun itirilməsinə gətirib çıxarır: "Hər kəs çox yaxşı başa düşür ki, ABŞ bu və digər ölkəni sadəcə zəbt etmək, asılı vəziyyətə salmaq, oradakı hakimiyyəti devirmək üçün demokratiya məfhumundan vasitə kimi istifadə edir. Bunun real nəticələri İraqda, Liviyada, Balkanlarda görmüşük, Suriyada isə şahidiyik. Hesab edirəm ki, ABŞ-ın demokratiya oyunu artıq effekt vermir. Çünki, insanların gözü açılıb. Bilirlər ki, bu sadəcə bir oyundur. Bu oyunun arxasında isə xaos, vətəndaş müharibəsi, itaətsizliyi, milli dövlətçiliyin məhvi və oyuncaq rejimlərin formalaşdırılması dayanır. Bu siyasətlə ABŞ dünyadakı imicini çox ciddi şəkildə zədələyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB