"Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət Ümummilli Liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olub". Bu fikirləri SİA-ya millət vəkili Nəriman Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü nəhəng işlər barədə danışarkən deyib.
Millət vəkili deyib ki, Onun xalqımızın ümdə arzularının gerçəkləşməsindəki rolu danılmazdır: "Bugünkü azad və suveren respublikamız ulu öndərimizin şah əsəridir. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti və adı ilə bağlıdır. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, onu taleyin sınaqlarından məharətlə çıxarmışdır".
"Tarix Ulu Öndərimiz Heydər Əliyev kimi dahi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir" -deyə qeyd edən Nəriman Əliyev o cümlədən bildirib ki, Bu Dahi İnsanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilib: "Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam və məntiqi düşüncə tərzinə malik bir insan idi. Ulu Öndər Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir.
Heydər Əliyev dünyaya gələndə sanki xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli Liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artırmışdır. Məhz Ulu Öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan idi".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan respublikası Heydər Əliyevin şah əsəridir: "Vətən təşəbbüsü, torpaq qeyrəti, xalq sevgisi Ümummilli Liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq, bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev nurlu bir müdriklik simvoluydu. O, adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq günəşdir ki, onun işıqlı ideyaları daima yaşayacaqdır. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazəndıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır".
Nəriman Əliyev son olaraq qeyd edib ki, ən sevindirici hal odur ki, indi Ulu Öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan xalqının iradəsi ilə ölkə Prezidenti seçilmiş cənab ilham Əliyev milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. O cümlədən hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşılmasının, insanlara qayğı göstərilməsinin bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulması Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyinə əsaslı sübutdur. Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir, respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. I Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi haqqında verilən möhtəşəm qərar da bu sıralamada özünəməxsus yerini tutmaqdadır. Ölkəmizə səfər edən dövlət və hökumət başçılarının, ictimai-siyasi xadimlərin bəyanatları və çıxışları da göstərir ki, Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Heydər Əliyevin həmişəyaşarlığı bir daha aydın olur, bir daha inanırsan ki, Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş, İlham Əliyev müdrikliyi ilə idarə olunan Azərbaycan Respublikasının parlaq gələcəyi qaçılmazdır".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB