Ümid Abuzərli: “Ermənilərin ittihamlarını faktlar və sübutlarla darmadağın etdik” MÜSAHİBƏ+FOTOLAR
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisinin Koordinatoru Ümid Abuzərli Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun dəvəti ilə 20-23 aprel 2015-ci il tarixlərində Belçikanın Brüssel şəhərində işgüzar səfər olub. Səfərin yekunları ilə bağlı Ümid Abuzərlinin SİA-ya müsahibəsi:
- Ümid bəy, səfərinizin məqsədi və keçirdiyiniz görüşlər barədə məlumat verərdiniz.
- Səfərin məqsədi Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun tərəfindən keçirilən beynəlxalq forumda və bir sıra işgüzar görüşlərdə iştirak etmək idi. Qeyd edim ki, forumda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Ermənistan nümayəndələri də iştirak edirdi. YAP Gənclər Birliyi də qeyd olunan forumda müvəffəqiyyətlə təmsil olunur. Forumu çərçivəsində biz Avropanın nüfuzlu təşkilatları və şəxsləri ilə işgüzar görüşlər keçirdik. Səfərimiz zamanı Avropa Parlamentinin üzvü xanım Kati Piri, xanım Klare Moody və cənab Ken Godfrey ilə, Avropa Komisiyasının "Qonşuluq siyasəti" proqramının Şərqi Avropa və Qafqaz üzrə proqram rəhbəri xanım Monica Bucurenciu ilə, Euronest Parlament Assambleyasının sədri xanım Heidi Hautala ilə işgüzar görüşlər keçirmişik. Görüşlər zamanı inkişaf edən Azərbaycan-Avropa münasibətlərindən, Azərbaycan həqiqətlərindən, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın işğalçılıq siyasətinin Avropada və regionda sülhün yaradılmasına törətdiyi əngəllərdən və Azərbaycanda təşkil olunacaq mühüm beynəlxalq layihələrdən bəhs etmişik. Hesab edirəm ki, forum olduqca əhəmiyyətli idi və biz forumda Azərbaycanı uğurla təmsil etdik. Eyni zamanda düşmən Ermənistan təmsilçilərinin Azərbaycanı əsassız ittihamlar üzərində qurulmuş çıxışlarını əsaslı faktlar və sübutlarla darmadağın etdik.
Forumda hansı məsələlər müzakirə olundu?
Forumuda təmsil etdiyimiz ölkələrdə demokratiya, problem və perspektivlər, münaqişələrin həll olunması və gənclərin regional əməkdaşlığının qurulması mövzuları ətrafında müzakirələr keçirilib. Mən, çıxışım zamanı bildirdim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xüsusi ilə də 1993-cü ildə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan çox böyük demokratik islahatların həyata keçirilməsinə nail olub. Qeyd etdim ki, demokratikləşmə prosesi olduqca mürəkkəb bir prosesdir, bunu əldə etmək üçün Azərbaycan dövləti böyük uğurlu addımlar atıb. Azərbaycan Avropanın bir sıra nüfuzlu qurumlarının – o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü seçilib. Məhz Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan və kompleks icra olunan mədəni, siyasi, social, iqtisadi islahatlar Azərbaycanda demokratiyanın qurulmasına gətirib çıxarıb. Vurğuladım ki, demokratikləşmə prosesinin tam başa çatması üçün uzun müddət, çətin bir keçid dövrü lazımdır və Azərbaycan uğurla bunun öhdəsindən gəlir. Azərbaycan dövləti daima beynəlxalq hüquqa, bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşıb və müstəqil bir ölkə kimi Azərbaycan bu məqsədlə bir çox nailiyyətlər əldə edib. Həmçinin keçirilən görüşlərdə bildirdim ki, son illər ərzində Azərbaycan ölkədə güclü siyasi, iqtisadi təsisatlar yaratmış, davamlı, məqsədyönlü iqtisadi və siyasi islahatlar həyata keçirərək bu inkişafı təmin edib. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənib, vətəndaşların sosial və siyasi həyatda iştirakı tam təmin edilib. İnsan hüquqları və demokratik islahatların təşviqi, habelə aparılan demokratik islahatlar nəticəsində Azərbaycanda vətəndaş cəmiyyətinin rolunu gücləndirilib. Azərbaycanda Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Xaricdə təhsil üzrə dövlət proqramı yaradılmaqla Azərbaycan gənclərinin ideyaları gerçəkləşdirilmiş və onların Avropaya inteqrasiyası tam təmin olunub. Bunlarla yanaşı bildirdim ki, Dağlıq Qarabağ probleminin hələ də Cənubi Qafqaz regionunda mövcudluğu bölgədə sülhün və inkişafın təmin olunmasına əngəl yaradır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində onların azərbaycanlılarla birgəyaşayış məsələsində ciddi problemlər mövcuddur. Münaqişənin həll olunmaz qalmasına səbəb Ermənistan dövlətinin tutduğu mövqe, beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə hörmət etməməsi əsas səbəbdir. Məlumat verdim ki, Dağlıq Qarabağ münaqişəsi XX əsr tarixinin ən faciəli münaqişələrdən biridir və milyonlarla insanın Azərbaycanlı qaçqınların taleyinə ağır təsir göstərib. Vurğuladım ki, Ermənistan tərəfi münaqişənin həll olması ilə bağlı heç bir fəaliyyət göstərmir, çünki hələ də Azərbaycana qarşı düşmənçilik mövqeyində durur.
- Bildiyimizə görə, Kutaisidə keçirilən Cənubi Qafqazın Gənc Siyasətçilər Forumnda Ermənistan gəncləri tərəfindən belə bir təklif irəli sürülmüşdü ki, Cənubi Qafqaz Gənclik Platforması yaradılsın. Bu məsələ iştirak etdiyiniz forumda yenidən qaldırıldı?
Bu Forumda da iştirakçılar Cənubi Qafqaz Gənclik Platforması yaradılması məsələsini yenidən qaldırdı. Ancaq, bu platforma sadəcə düşmən dövlətlə Azərbaycan arasında "dialoq" yaradılması məqsədini daşıyırdı. Belə bir qurumun yaradılması bizim milli maraqlarımıza uyğun deyildi. Buna görə də Azərbaycan nümayəndə heyəti bu qurumun yaradılmamasına nail oldu. Biz çıxışlarımızda qeyd etdik ki, artıq biz gənclər beynəlxalq ictimaiyyətin diqqətini beynəlxalq qanunların icrasına cəlb etməliyik. Qeyd etdik ki, artıq münaqişənin həlli üçün bir çox yüksək səviyyəli beynəlxalq platformalarda yaradılıb. Təəssüf ki, bütün cəhdlər və layihələr münaqişənin sülh yolu ilə həlli üçün faydalı deyil. Bir dövlət kimi biz həmişə münaqişənin sülh yolu ilə həllinə dəstək olmuşuq və bununla əlaqədar olaraq regionda sülhün yaradılması üçün Euronestin töhfəsini də yüksək qiymətləndiririk. Bu institutla bərabər eyni işi görən Cənubi Qafqaz Gənclik Platforması kimi yeni bir platforma yaratmaq, düşünürük ki, aparılan işləri eyni formada və məzmunda təkrarlayacaqdır. İctimai diplomatiya, dialoq və qarşılıqlı anlaşma şəraitində bu münaqişənin həlli üçün beynəlxalq səviyyədə bir çox layihələr var. Düşünürük ki, belə bir platformanın yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün digər siyasi-ictimai təşkilatların fəaliyyətinin təkrarlanması olacaqdır. Biz artıq Avropa İttifaqı, Avropa Şurası, ATƏT, BMT və digər görkəmli beynəlxalq təşkilatların münaqişənin həlli üçün qəbul etdiyi qərarları və BMT-nin dörd qətnaməni artıq icra etmək üçün konkret fəaliyyət göstərməliyik. Həmin qərarlara və beyəlxalq hüquqa görə Ermənistan Azərbaycanın işğal olunduğu ərazilərdən çıxardılmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır.
Sayılı günlərdən sonra ilk Avropa Oyunları keçiriləcək. Bu barədə avropalılar məlumat verdinizmi?
Əlbəttə, çıxışlarımda bildirdim ki, bu ilin iyun ayında Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər oyunların keçirilməsində əsas məqsəd bundan sonra hər dörd ildən bir təşkil olunacaq Avropa Oyunlarının davamlı və innovativ modelinin əsasını qoymaq, o cümlədən, Azərbaycanı böyük nailiyyətlər əldə etməyə qadir olan Avropa ölkəsi kimi bütün dünyaya təbliğ etməkdir. Avropa Oyunları təkcə idman tədbiri deyil, bu eyni zamanda Avropada və Dünyada sülhün, dostluğun, gənclər və mədəniyyətlər arası dialoqun tərənnümüdür. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançısı İlk Avropa Oyunları çempionu adını qazanmaq şərəfinə nail ola bilmək üçün 20 idman növü üzrə 2015-ci il iyun ayında 17 yarış günü müddətində mübarizə aparacaqlar. Bakı 2015 idman proqramına daxil olan 11 idman növü üzrə idmançılar Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək kvalifikasiya şansı əldə edəcəklər. Çıxışlarda və görüşlərimizdə Avropa nümayəndələri məmnuniyyətlə möhtəşəm birinci Avropa Oyunlarında iştirak etməyə dəvət olundular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB