Müsahibimiz Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, keçmiş divan üzvü Tural Abbaslıdır.
- Tural bəy, son günlər mətbuatda Arif Hacılının Azərbaycan Demokratiya Rifahı Hərəkatında təmsil olunan partiya üzvlərinin qərargaha buraxılmamaları tapşırığını verməsi ilə bağlı məlumatlar yayılıb. Bu, nə qədər doğru qərardır?
Bunu tamamilə pisləyərəm
- Bu günə qədər Müsavat Partiyasında belə bir qərar olmayıb ki, hansısa strukturun üzvlərinə partiya qərargahına girməyə qadağa qoyulsun. Bu baxımdan, belə bir fikri heç bir demokratik, siyasi normalara sığdırmıram. Əgər bu cür fikir söylənilsə, çox ayıb, qeyri-etik olar. Fərqi yoxdur, istər Müsavatda, istər AXCP də, istərsə də digər partiyalarda bu cür hadisə baş versə, bunu tamamilə pisləyərəm. Bilirsiniz, siyasi partiya xalqın partiyası olmalıdır. Ona görə də heç kimin oraya girişinə qadağa qoyulmamalıdır.
- Sizcə, burada Vurğun Əyyubu parlament seçkilərində namizəd kimi görmək istəyənlərə qaşrı məhz bu yolla – qərargaha buraxılmamaq kimi adekvat addımın atıldığını düşünmək olarmı? Hər halda Müsavatın Suraxanı rayon təşkilatı bu iddiaları irəli sürüb...
"İnsanların qərargaha buraxılmaması qərarını Müsavatda heç kim tədbiq edə bilməz"
- Bir neçə gün öncə qərargahda idim və orada partiyadan xaric olunan insanlar da var idi. Ona görə də Suraxanı rayon təşkilatınının üzvləri nəyə əsasən bunu söyləyiblər, bir qədər müəmmalıdır. Məndə elə bir fakt yoxdur. Kimliyindən asılı olmayaraq bunu, yəni insanların qərargaha buraxılmaması qərarını Müsavatda heç kim tədbiq edə bilməz.
- Tural bəy, parlament seçkilərində namizədliyiniz barədə rəhbərliyə müraciətiniz olubmu?
- Əvvəlki prosedur qaydalarına uyğun olaraq mən Nəsimi rayon 21 saylı dairədən namizədliyimi verəcəyimi rəhbərliyə söyləmişdim. Orada da qeydə alınmışdı. Məclisin son qərarından sonra hələ ki, müraciət etməmişəm. Düşünmürəm ki, məndə hansısa problem olsun, yaxud da namizədliyimin qəbulu ilə bağlı maneə tapılsın.
- Bəs Fraksiya məsələsi nə yerdədir? Axı bildirmişdiniz ki, partiyada Fraksiyanın yaradılması məsələsi zəruridir...
Partiya rəhbərliyinin idarəçiliyində problemlər var
- Partiyada narazılar deyilən bir kəsim var ki, onları qeyri-rəsmi Fraksiyanın tərkibində hesab etmək olar. Həmin insanlar fəaliyyətlərini davam etdirərək narazı fikirlərini də açıq şəkildə söyləyirlər. Partiyanın tədbirlərində də iştirak edirlər. Bir müddətdən sonra Fraksiyanı yaratmaq daha real olacaq. Zamanında mən söyləmişdim ki, partiya rəhbərliyinin idarəçiliyində problemlər var. Hazırda həmin rəhbərliyin tərəfdarları belə partiyanın idarəçiliyindən narazıdırlar. Seçilən yolun uğurlu olmadığını nəhayət ki, anlayıblar. Bu baxımdan da zaman bizim xeyrimizə işləyir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB