YAP nümayəndə heyəti Çin rəsmisi ilə görüşdü

YAP nümayəndə heyəti Çin rəsmisi ilə görüşdü

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İntizam komisiyasının sədri, Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin naziri cənab Çjou Li ilə görüşü olub. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Cənab Çjou Li Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il bu ölkəyə yüksək səviyyəli səfərini xatırladıb və bu səfərin iki dövlət arasında əlaqələrin inkişafında yeni mərhələ olduğunu nəzərə çatdırıb. Çjou Li ölkəsinin Ermənistan, Azərbaycan –Dağlıq Qarabağ münaqişəsinə münasibətdə rəsmi Bakının haqlı mövqeyini hər zaman dəstəklədiyini, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında mövcud əlaqələrin səviyyəsi, partiyalararası münasibətlərin inkişafında bu kimi qarşılıqlı səfərlərin və birgə lahiyələrin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan – Çin Parlamentlərarası dostluq qrupunun üzvlərindən Eldar İbrahimov, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Əliağa Hüseynov, Xanlar Fətiyev və Cavanşir Paşazadə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə