"Sosial şəbəkələrin birində Əli Kərimli Cəmil Həsənlinin adından yayılan məlumata görə bizə qarşı ittihamlar səsləndirilir. Guya bəyanatı biz təşkil etmişik". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan deyib.
Azər Ayxan bu adamların obyektivlik və vicdan hisslərinin çox aşağı olduğunu qeyd edərək bildirib ki, qarşı tərəf özünə qarşı hər hansı bir sərf etməyən hal görürsə dərhal bunu onlara qarşı istifadə edirlər: "Uğursuz mitinqlərinin günahını bizim üzərimizə yıxmağa çalışırlar. Amma onlar Cəmil Həsənlinin "facebook" hesabının oğurlandığını deyəndə, müsavat.com bunu da, Əli Kərimlinin açıqlamasını da yayımladı. "Yeni Müsavat"ı boykot edən, bu mətbu orqana açıqlama verməyən Milli Şuranın təşkil etdiyi mitinqinin gedişini, həmçinin nəticələri barədə də bir səhifəlik yazı və çoxsaylı fotolar dərc etmişik. Yəni biz öz peşəkarlığımızı hansısa bir emosiyalarımıza qurban vermirik. Biz informasiya istehsal edərək onu cəmiyyətə ötürürük. Bunun müqabilində isə bizə qarşı çıxan, "Yeni Müsavat"ı suçlayan insanlarda demək istərdim ki, psixoloji problemlər var. Allahdan bunlara şəfa diləyirik".
Mitinqlə bağlı öz fikirlərini bölüşən baş redaktorun müavini qeyd edib ki, Milli Şurada yığılan adamlar xaraktercə birlik yaradan adamlar deyil, anti-birlik təşkilatında cəmləşən adamlardırlar: "Ona görə də, onların hər hansı birlik yaradıb müxalifətin böyük koalisyasına nail olacaqları əsla gözlənilmir. Çünki Azərbaycan müxalifəti elə vəziyyətə çatıb ki, birlik, birgəlik amilindən danışmaq mümkün deyil. Sonuncu Milli Şura olaylarından sonra isə bunun nə vaxtsa mümkün olacağı inandırıcı deyil".
Bir qəzetçi olaraq ölkəmizdə müxalifət institutunun zəifləməsindən təəssüfləndiyini də qeyd edən Azər Ayxan bunun qəzetçilərə sərf etmədiyini deyib: "İnformasiya meydanımız azalır, informasiya alanımız azalır. İqtidar-müxalifət sektoru nə qədər güclü olsa, bu müsbət mənada mətbuata da təsir edir. Ona görə də, ən azından bu mənada müxalifətin böyüməsini, inkişafını, proseslərin genişlənməsini arzu edərdik. Azərbaycanda demokratik proseslərə müxalifətin öz töhvəsini verməsini istərdik. Amma nə yazıq ki, müxalifət liderlərinin böyük əksəriyyəti mahiyyət etibarı ilə anti-birlikçidirlər. Bu baxımdan da, böyük hədəflərə çatmaları mümkünsüz görünür. Böyük siyasətdə böyük hədəflər qoymusansa qarşına bir baş redaktoru, bir qəzetçini qoyaraq qaralayıb nəyəsə nail ola bilməzsən. Böyük hədəflər böyük ruh, böyük düşünmək tələb edir ki, o da Milli Şura rəhbərliyində yoxdur. Bu adamların bundan artıq böyüməsi mümkün deyil".
Azər Ayxan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinq barədə də öz fikirlərini bildirib. Onun bildirdiyinə görə, hətta Milli Şura rəhbərliyi onları hər hansı məsələdə ittiham eləsə belə, adıçəkilən qurumun tədbirini işıqlandıracaqlar: "Çünki biz mediayıq və istənilən olayı cəmiyyətə, ictimai rəyə təqdim etmək bizim vəzifəmizdir. Hətta qarşı tərəf bizi olmazın ittihamlarla suçlasa belə".
Qeyd edək ki, Milli Şuranın mitinqindən öncə sosial şəbəkədə həmin aksiyanın keçirilməsi üçün icazənin verilməməsi məlumatı yayılmışdı. Məhz bundan sonra Milli Şura və AXCP rəhbərliyi burada özlərinə qarşı təxribat olduğunu və bu təxribatda "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunun rolu olduğunu iddia etmişdilər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB