“Xocalı qətliamı beynəlxalq hüquq kontekstində”

“Xocalı qətliamı beynəlxalq hüquq kontekstində”

"Xocalıya ədalət kampaniyası" çərçivəsində Tbilisi Beynəlxalq Akademiyasında "Xocalı qətliamı beynəlxalq hüquq kontekstində" adlı elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin və "Borçalı İrəli" İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə bu Akademiyanın, eləcə də Gürcüstanın bir sıra nüfuzlu universitetlərinin alimləri, müəllim və tələbələri, Azərbaycan səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə "Borçalı İrəli" ictimai birliyinin sədri Məhəbbət İmanov məruzə ilə çıxış edib.

Gürcü alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, professor Quram Marxuliya çıxışında deyib ki, Xocalı qətliamı ermənilərin azərbaycanlılara və bölgədəki digər xalqlara qarşı törətdikləri yeganə vəhşilik deyil: "İmperiya qüvvələrinin dəstəyinə arxalanan ermənilər dəfələrlə azərbaycanlılara, türklərə və gürcülərə qarşı qanlı cinayətlər, terror hadisələri törədiblər. Bunu sübut edən çox ciddi tarixi faktlar var. Birinci Dünya müharibəsi zamanı Türkiyənin ərazilərinə göz dikən ermənilər 14 min türkü qətlə yetiriblər. Lakin Türkiyənin savaşdan qalib ayrılması onları bu fikirdən vaz keçməyə məcbur edib. Bundan sonra ermənilər öz çirkin niyyətlərini Azərbaycanda və Gürcüstanda həyata keçirməyi planlaşdırıblar. Tbilisini özlərinə paytaxt etmək istəyən ermənilər Gürcüstanda da misli görünməmiş qatı cinayətlər törədiblər. Sovet hakimiyyətinin yarandığı illərdə Azərbaycanın paytaxtı Bakıda və bölgələrində on minlərlə insanı qətlə yetirən ermənilər burada da öz istəklərinə nail ola bilməyiblər. Lakin onlar Azərbaycanın əzəli torpağı olan İrəvan xanlığının ərazisində, yenə də imperiya qüvvələrinin dəstəyi ilə kiçik dövlət yarada biliblər. Heç bir tərəfdən dənizə çıxışı olmayan ermənilər "Böyük Ermənistan" yaratmaq arzusu ilə yenə də təcavüzkarlıq edirlər. Bu gün Azərbaycan və Gürcüstan ərazilərinin işğala məruz qalması bunu sübut edir".

"Cənubi Qafqaz regionu tarixən bəzi qüvvələrin maraq dairəsində olub. Ermənilər isə həmin qüvvələrin əlində vasitədir. Bizim gənclərimiz ermənilərin tarixdəki xəyanətlərini, saxtakarlıqlarını dərindən öyrənməli və birgə mübarizə aparmalıdırlar ki, torpaqlarımız işğaldan azad olunsun, müstəqilliyimiz daha da möhkəmlənsin və bir daha belə qtliamlar olmasın. Bizim çıxış yolumuz budur" –deyə, Marxulya vurğulayıb.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verən AAM-ın gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan bu kampaniya nəticəsində artıq bir neçə ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Gürcüstanlı gənclər də kampaniyaya fəal qoşulublar və bu günə qədər minlərlə imza toplanıb.

Sonra səfirliyin əməkdaşı Elcan İmamverdiyev, Gürcüstandakı Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, professor Paata Kipiani, siyasətşünas alim Qvenitadze Edişer, lektor Ziya Siçinava Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüb, bu hadisələrin beynəlxalq miqyasda soyqırımı statusu almasının vacibliyini vurğulayıblar.

Sonda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə