Müxalifətin hay-küyü əsassızdır REPORTAJ

Müxalifətin hay-küyü əsassızdır REPORTAJ

Manatın məznnəsinin dollara nisbətdə ucuzlaşmasından sonra ölkədə bəzi qüvvələrin spekulyativ çıxışları onların arqumentsizlikləri ilə nəticələnməkdədir. İctimai rəydə panika və bu kimi amilləri yaratmağa çalışan həmin tərəflər Azərbaycanın iqtisadi inkişaf faktoruna kölgə salmağa cəhdlər göstərənlərdir. Lakin bütün bunlara rəğmən, hadisələri doğru qiymətləndirən bir sıra millət vəkilləri bu cür spekulyativ addımlara qarşı kifayət qədər dolğun faktlar qoyaraq, narahatçılığa heç bir əsasın olmadığını vurğulayıblar. Fiirlərini SİA-ya açıqlayan rəsmilər Azərbaycan dövlətinin bütün sahələrdə öz inkişaf potensialını reallaşdırmaqla yanaşı, çox yaxın zamanda xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atacağını qeyd ediblər.

YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə: "Müxalifətin ajiotaj, gərginlik yaratmaq cəhdləri baş tutmayacaq"

- Milli valyutanın devalvasiyası ya iqtisadiyyatda olan böhrandan və yaxud da valyutanın aparıcı dünya valyutalarının məzənnəsinin korrektə edilməsindən yaranır. Azərbaycan iqtisadiyyatında böhran yoxdur. Bu səbəbdən, manatımızın nə sonrakı devalvasiyasına, nə də onun hər hansı bir fəsadlar yaradacağına inanmırıq. Ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir, böyük valyuta ehtiyatları var. Bu baxımdan, heç bir problem yaşanmır. Daxili bazarı qorumaq, Azərbaycandan valyuta axınının qarşısının alınması üçün Mərkəzi Bank bu addımı atmalı oldu və səbəbi də kifayət qədər cəmiyyətə izah edilib. Bu gün ölkəmizdə çalışanların böyük bir qismi özəl sektorun işçiləridir. Özəl sektorun özü bazar münasibətlərinə uyğun olaraq qiymətlərini və gəlirlərini tənzimləyəcək. Yəni bu proses artıq gedir. İndidən əhalinin 80 faizinin qısa bir zaman kəsiyində öz gəlirlərini bərpa edəcəyini deyə bilərik. Qalan 20 faiz isə büdcə təşkilatında işləyənlər, təqaüd və pensiya alanlardır. Bu baxımdan, dövlətin müvafiq qərarları ilə həm pensiyaların baza hissəsi artacaq və pensiyalar müvafiq qiymətlərlə uzlaşacaq. Büdcə təşkilatlarına gəlincə, dövlətin imkanları olduğu üçün maaşlarda müəyyən dəyişikliklər ediləcəkdir. Mingəçevirdə səfərdə olan cənab Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bunun şəxsən dövlətin nəzarətində olduğunu bir daha söyləyib. 1993-cü ildən bəri Azərbaycan əvvəl Ulu Öndər Heydər Əliyevin, sonra isə Cənab İlham Əliyevin hakimiyyəti dövründə dövlətimiz heç bir zaman vətəndaşını problemlərlə üz-üzə qoymayıb və bundan sonra da bu siyasət davam edəcək. Müxalifətin ajiotaj, gərginlik yaratmaq cəhdləri baş tutmayacaq. Çünki keçid zəruri idi, bu addımın atılması ölkəmizi iqtisadi mənada daha böyük fəsadlardan qorudu. Atılan addımlar qısa zamanda artıq qiymətlərin də, gəlirlərin də yerini tutacağına gətirib çıxaracaq.

Millət vəkili Rövşən Rzayev: "Süni qiymət artımı ilə bağlı əhali bir qədər səbrli olsa daha yaxşı olar"

- Dünyada gedən iqtisadi proseslər Azərbaycandan yan keçə bilməz. Çünki ölkəmiz dünyanın aparıcı dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibətlərə malikdir. Hazırda manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsini düzgün qəbul etmək lazımdır. Güclü iqtisadiyyata, güclü siyasətə malik Azərbaycan hər bir vətəndaşımızın ölkəsidir. Aparılan iqtisadi islahatlar hər birimizə müəyyən qədər təsir edir. Amma bunun fonunda xalqda hər hansı bir mənfi fikir formalaşdırmaq düzgün deyil. Dövlətin əsas vəzifəsi xalqımızın maraqlarını qorumaqdır. Dövlət rəsmilərinin siyasi düşüncəsi, həyata keçirdiyi siyasi fəaliyyət, məhz bu istiqamətdə qurulub. Milli valyutamızın devalvasiyası zamanı ortaya çıxan bir sıra problemləri düzgün analiz etmək və nəticələrə düzgün yanaşmağı labüd hesab edirəm. Süni qiymət artımı ilə bağlı əhalimiz bir qədər səbrli olsa daha yaxşı olar. Dövlət öz funksiyasını yerinə yetirməkdədir. Bir sıra qəzetlər məsələyə bu aspektdən yanaşmalıdır. Xalqımızdan dövlətin apardığı siyasətə inammağı, bu yolda qətiyyətlə addımlamağı arzu edirik.

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva: "Hökumət insanlarımızın qlobal böhranın təsirlərindən əziyyət çəkməsinə imkan verməyəcək"

- Məlum olduğu kimi, ötən həftə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilib. Bundan irəli gələrək, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Lakin çox təəssüf hissilə demək istəyirəm ki, müşahidə olunmuş sözügedən maliyyə prosesindən sonra bəzi maraqlı dairələr əhali arasında ajiotaj yaratmaq məqsədilə mətbuat və sosial şəbəkələr vasitəsilə manipulyasiya edirlər. Məzənnədə dəyişikliyinin olması ilə müəyyən mənada iqtisadi dəyişikliklər olacaq. Amma bu o demək deyil ki, ölkədə maksimum bahalaşma, qıtlıq və s. kimi mənfi tendensiyalar baş verəcək. Mərkəzi Bank tərəfindən atılan addımların əsas məqsədi ölkə iqtisadiyyatını dünyada gedən böhranın təsirlərindən mümkün qədər qorumaqdır. Bəzi mətbuat orqanları bu istiqamətdə təbliğat aparmaq əvəzinə əks-təbliğatla məşğul olur. Sosial şəbəkələrdəki xüsusi qrupların fəaliyyətini isə pisləyirəm. Qara piar əməliyyatı ilə məşğul olanlar bilməlidirlər ki, onların fəaliyyəti birbaşa olaraq erməni lobbisinin işinə yarayır. Mətbuatda və sosial şəbəkələrdə müşahidə olunan vəziyyət mənə ötən ilin avqust ayında cəbhədə baş verən hadisələrdən dolayı yazılanları xatırlatdı. Həmin vaxt da bəzi mətbuat orqanları və sosial şəbəkələr ya populyarlaşmaq, ya da xüsusi təlimatlara əsasən qara-piarla məşğul idilər. Bu gün də eyni ssenari müşahidə edilməkdədir. Peşəkarlığı, vətənsevərliyi, vicdanlılığı və obyektivliyi fəaliyyət prioritetinə çevirmiş mətbuat orqanlarına müraciət edərək, demək istəyirəm ki, dünyada iqtisadi-maliyyə böhranı getdiyini və bunun da nəinki Azərbaycana hətta bütün dünya ölkələrinə mənfi təsir etdiyini konkret faktlarla göstərsinlər. Bununla da, bəzi qüvvələrin cəmiyyət daxilində ajiotaj yaratmaq planlarını iflasa uğratsınlar. Ölkəmizdə bahalaşma yoxdur, sadəcə olaraq, bəzi işbazlar süni qiymət artımı ilə varlanmaq həvəsinə düşüblər. Bu cür hallara qarşı dövlət ciddi cəza tədbirləri görəcək. Çünki, Azərbaycan dövləti hər zaman vətəndaşının rifah halını düşünüb və bu səbəbdən də, hökumət insanlarımızın qlobal böhranın təsirlərindən əziyyət çəkməsinə imkan verməyəcək.

Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli: "Bu kimi halların qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planı hazırlanır"

- Milli valyuta ucuzlaşanda ölkədən ixrac olunan məhsullar ucuzlaşır, ölkəyə gətirilən mallar isə bahalaşır. Ona görə də devalvasiya nəticəsində xaricdən Azərbaycana gətirilən mallar bahalaşması ehtimalı istisna etmək olmaz. Bir qədər az, bir qədər çox olmaq şərtilə devalvasiya xaricdən gələn malların qiymətinə təsir edir. Əgər müvafiq qurumlar tərəfindən ciddi tədbirlər görülməsə, daha çox sosial əhəmiyyət kəsb edən, yəni əhalinin daha çox işlətdiyi məhsulların qiyməti arta bilər. Bundan başqa psixoloji təsir də yerli məhsulların qiymətinə yansıyır. Birmənalı olaraq işbaz satıcılar anlamalıdırlar ki, qiymətin süni surətdə artımının hər faizinə görə əhali 170 milyon manatlıq ziyan çəkir. Bu kimi halların qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planı hazırlanır.

Millət vəkili Fazil Mustafa: "İnsanları maarifləndirməklə müəyyən mənada problemləri həll etmək olar"

- Dünyada baş verən bütün iqtisadi proseslərdə insanlar maddi durumları baxımından təşviş keçirirlər. Bu məqsədlə onlara geniş şəkildə izahat verməliyik. Alqı-satqı məsələlərində həm istehsalçının, həm də istehlakçının hüquqlarının qorunması istiqamətində addımlar atılmalıdır. İnsanları bu və ya digər yöndə maarifləndirməklə müəyyən mənada problemləri həll etmək olar. Dövlət bu məsələdə satıcıyla yanaşı, alıcıya da yetərincə dəstək verir və mövcud vəziyyətdən çıxış yolları axtarır. Ola bilsin ki biri spekulyasiyaya daha çox üstünlük verir, amma bu, izolyativ qaydalardır və buna görə də insanları qınamaq olmaz. Bu iqtisadi prosesdən sui-istifadə yolverilməzdir. Baş verənlər təkcə Azərbaycandan asılı məsələ deyil, bu dünyada baş verən proseslərlə bağlıdır. Ona görə də, hökumət bunun izahını elə verməlidir ki, bundan sui-istifadə edənlər provakativ addımlar atmasınlar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə