Siyavuş Novruzov: "Əli Kərimli xarici dövlətlərin təhriki ilə gəncləri yoldan çıxarıb"

"Bu gün keçirilən iqtidar-müxalifət görüşünü çox yüksək qiymətləndirirəm. Doğrudan da həm orada müzakirə olunan məsələlər, həm də qəbul olunan qərarlar çox mühümdür". Bu barədə trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, bu görüşdə qərar qəbul olundu ki, mütəmadi olaraq iki aydan bir belə görüşlər keçirilsin və Azərbaycanda qeydiyyatdan keçmiş istənilən aktiv siyasi partiya bu görüşdə iştirak edə və hər kəs məqbul bildiyi mövzunu qabaqcadan təqdim edə bilər: "Bu bir daha onu göstərir ki, Azərbaycan iqtidarı hər bir idarəetmə sistemində olduğu kimi, siyasi sistemdə də şəffaflığın təmin olunmasına, dövlət idarəçiliyində siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının iştirakına xüsusi əhəmiyyət verir və bu addımları atır".

O, qeyd edib ki, təəssüflər olsun ki, yenə də öz cılız xisləti ilə özünü bu məsələlərdən kənarda saxlayan və cəmiyyətdən təcrid edən bəzi təşkilatlar var: "Bu da təbiidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasında düşünmürlər ki, o görüşdə olanlar Əli Kərimli ilə bir masa ətrafında oturmaq istəyirlər, ya yox. Təbii ki, yox. İkinci bir məsələ odur ki, Əli Kərimli AXCP-ni zəbt edəndən sonra orada ictimai-siyasi sistemin formalaşdırılması, kadrların yetirşdirilməsi halları baş verməyib. Əksinə, onun xarici dövlətlərin təhriki ilə yürütdüyü siyasətlə gəncləri yoldan çıxarıb onları qanun əleyhinə, dövlət əleyhinə, kütləvi aksiyalarda əhalinin mülkiyyəti əleyhinə cinayətlərə yönəltməsi, gənclərə və digər partiya üzvlərinə xaricdən maliyyə alıb QHT-lər vasitəsilə mənimsənilməsi, xarici dövlətlərə işləmək, xarici dövlətlərdən, hətta ermənilərdən pul almaq yollarını öyrətməsi nəticəsində onların bir hissəsi həbsxanaların planını doldurur, digər hissəsi isə yalandan sığınacaq alıb Avropanın küçələrini süpürməklə məşğuldular. Əli Kərimlinin yetişdirdiyi belə insanlardır. Bu cür potensiala malik adam dialoqda hansı haqla iştirak edə və yaxud ona qarşı hər hansı bir fikir söyləyə bilər? Çünki özünün heç bir potensialı yoxdur ki, orada da hər hansı bir təklif irəli sürsün".

S.Növruzov Müsavat Partiyasının da dialoqda iştirak etməməsi məsələsinə münasibət bildirib: "Müsavat Partiyasında legitimlik yoxdur. Müsavat Partiyasının bir sədri Amerikadadır, bir sədri də buradadır. Yəni burada Müsavat Partiyasını hansı tərəfin təmsil edəcəyi ilə bağlı ciddi problemlər var. Partiyanı biri bir tərəfdən mənimsəyib, digərlərinin hüquqlarını, söz azadlığını, fikir azadlığını pozur və belə olan təşkilat gəlib dialoqa qatıla və dəyərli bir təklif verə bilməz. Öz aralarında, öz partiyasında dialoq yarada bilməyən təşkilat, cəmiyyətlə, dövlət və yaxud iqtidarla hansı dialoqa gedə bilər?"

Bütün xəbərlər Facebook səhifəmizdə