"ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik"
"Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik". SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
PA rəsmisi qeyd edib ki, ayrı-ayrı ekspertlər, ayrı- ayrı hüquq-mühafizə təşkilatları və mərkəzlər nələrsə müşahidə edə bilərlər: "Amma Azərbaycan və ABŞ arasındakı münasibətlər həm beynəlxalq sülh yaratmaq proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, həm beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, həm Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşması və istismarında həm də digər məsələlərdə davam edir. O cümlədən Azərbaycan ilə ABŞ arasında iki ölkə arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də münasibətlər davam edir".
Ə.Həsənov vurğulayıb ki, bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır, onlar ABŞ-ın mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər və bu neqativ yazıların da hazırlanması və formalaşdırılması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı bu münasibətləri korlamaq istəyən mərkəzlərin sifarişləri əsasında həyata keçirilir: "Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır".
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələr münasibət bildirən PA rəsmisi bunu normal qarşıladığını bildirib.
Ə. Həsənov deyib ki, Azərbaycan Parlamentində, QHT-lərdə də ABŞ-dakı proseslərlə bağlı dinləmələr keçirir: "Lazım olarsa biz də hökumət olaraq belə binləmələr keçirə bilərik. Belə şeylər müasir dünyada, demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy ABŞ-da da Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi ABŞ cəmiyətində baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə olaraq belə müzakirələr keçirməyin bir prinsipal məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti doğurdan bilən insanları dəvət etmək lazımdır, müzakirələri birtərəfli yox, neytral aparmaq lazımdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB