İşçi qrupunun üzvləri Qüdrət Həsənquliyevlə görüşüb

İşçi qrupunun üzvləri Qüdrət Həsənquliyevlə görüşüb

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvləri –Niyaməddin Orduxanlı, Azər Həsrət, Mayis Əliyev, Məhluqə Qaramanlı, Çingiz Bayramov, Mehriban Abdullayeva və Xanım Əhmədzadə ilə görüş keçirib. SİA-nın məlumatına görə, BAXCP sədri ilə görüşün məqsədini açıqlayan işçi qrupunun üzvü, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, İşçi Qrup BMT Təhlükəsizlik Şurasına müraciət üçün "Sarkisyanın hərbi cinayətkar kimi tanınması" və 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədilə petisiya yaradıb:" Bu məqsədlərə çatılması üçün petisiyaya 100000 imza toplamaq lazımdır".

Onun sözlərinə görə, İşçi Qrupunun tərkibində ölkənin tanınmış 17 QHT sədri fəaliyyət göstərir və Qrupun rəhbəri Şahin İsmayılovdur:" Yanvarın 28-dən start verilən kompaniyada 35 mindən artıq imza toplanıb. Bu isə işçi qrupunun səyinin nəticəsidir. Sizinlə görüşməkdə məqsəd də BAXCP sədri, millət vəkili olaraq sizdən, eləcə də digər partiya rəhbərlərindən dəstək almaqdır. İlk olaraq sizinlə görüşürük və bilirik ki, Dağlıq Qarabağla bağlı hər zaman nəinki ölkəmizdə, eləcə də xarici səfərlərinizdə xalqın sözünü demisiniz, dövlətin maraqlarından çıxış etmisiniz".

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev QHT rəhbərlərini salamlayıb və başladıqları işin əhəmiyyətini bildirib: "Siz bizim partiyanın Dağlıq Qarabağ məsələsində olan mövqeyini bilirsiniz. Təşəbbüsünüzü çox yüksək qiymətləndirirəm. Bu işin hansısa nəticəsi olacağını sizlər də mənim kimi gözləmirsiniz. Çünki əvvəllər də belə təşəbbüslər olub. Ancaq buna baxmayaraq hər birimiz əlimizdən nələr gəlirsə onu ortaya qoymalıyıq".

Qüdrət Həsənquliyev deyib ki, 10 ildir NATO Parlament Assambleyasında Azərbaycanı təmsil edir:" Assambleyanın iclaslarından kənarda-kluarlarda həm Amerikanın, həm Avropanın parlamentarilərilə söhbət etmişik. Onlar fasilələrdə daha səmimi olurlar. Çünki yanlarında jurnalist olmur və dedikləri rəsmi stenoqrama düşmür. Həmin görüşlərdə parlamentarilər dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Deyiblər ki, problemi Rusiya ilə danışıb həll edin. Bəziləri hətta açıq formada vurğulayıblar ki, onların ermənilərlə kultral yaxınlığı var".

Bu yerdə Qüdrət Həsənquliyev QHT rəhbərlərinin diqqətinə çatdırıb ki, Avropa heç vaxt Ermənistana müsəlman ölkəsinə görə təzyiqlər göstərməyəcək: "Bəlkə də iki xristian ölkəsi arasında dava olsa - Gürcüstan Rusiya və Rusiya Ukrayna kimi - o zaman kimin haqlı, kimin haqsız olduğunu deyərlər. Dağlıq Qarabağ məsələsində isə tərəfin biri müsəlman ölkəsidir.Güman ki, Vatikan muzeyində olanlarınız var. Həmin muzeydə ermənilərə xristianlığı qəbul edən xalq kimi abidə qoyulub. Belə faktorlar çox önəmlidir. Bizdə bunu bəzən qəbul etmirlər. Ancaq bu çox ciddi faktordur. Başqa bir misal çəkim. Sonuncu dəfə Vülnusda NATO Parlament Assambleyasının iclasında rusların tədbirə dəvət olunmamasının səbəbini soruşdum və həm də bildirdim ki, düz eləmisiniz, çünki Rusiya işğalçı dövlətdir və Ukraynanın ərazilərini zəbt edib. Eyni zamanda , söylədim ki, BMT Baş Məclisində, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edən və NATO Parlament Assambleyasının Assosiativ üzvü olan Ermənistan yeganə ölkədir ki, başqa bir Assosiativ üzvün ərazi bütövlüyünə səs vermir. Siz isə sanki heç nə baş verməmiş kimi bu fakta etinasız yanaşırsınız. Bildirdim ki, bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Ən dəhşətlisi o idi ki, mənim çıxışımdan sonra Ükraynadan olan nümayəndələr özlərində cəsarət tapıb fikrimi təsdiqləmədilər ki, "Azərbaycan nümayəndə heyəti düz deyir, ermənilər bizim ərazi bütövlüyümüzə səs verməyiblər". Çünki bilirdilər ki, ümumi vəziyyət ermənilərin xeyrinədir. Əsas aparıcı dövlətlər bu məsələdə maraqlı deyillər ki, Ermənistanın belə addımı hansısa formada pislənilsin və yaxud hansısa bir qətnaməyə salınsın.

Bunları deməkdə məqsədim odur ki, biləsiniz-Qərbdə açıq-açığına bizə qarşı ədalətsiz münasibət var. Bəzən olur ki, Qərb və Avropa mətbuatında tək-tük halda yazılar verilir. Bunu da ədalətli olduqlarına görə deyil, təmənna güddükləri üçün edirlər. Ancaq buna baxmayaraq o fikirdəyəm ki, hər zaman biz onları vicdanlarıyla üz-üzə qoymalıyıq. Eyni zamanda, öz ictimaiyyətlərinə göstərməliyik ki, budur, sizin siyasətçilərinizin ədalətliliyi, prinsipiallığı".

Qüdrət Həsənquliyev bildirib ki, partiya olaraq bu məsələdə dəstəyimizi əsirgəməyəcəyik: "Özüm başda olmaqla bütün partiya strukturunda olan şəxslərin, partiyanın rayon şöbələrinin üzvlərinin imza vermələrini təşkil edəcəyik".

Görüşdə iştirak edən QHT sədrləri - Məhluqə Qaramanlı, Mais Əliyev ,Azər Həsrət, Mehriban Abdullayeva, Çingiz Bayramov və Xanım Əhmədzadə bildiriblər ki, "bu, bir ümummilli məsələdir və bu məsələdə sizin dəstəyinizi alqışlayırıq, inanırıq ki, çox az müddətdə hədəfimizə çatacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə