Niyaməddin Orduxanlı: “Qubad bəy partiya daxilində ortaya güc qoya bildi” AÇIQLAMA
"Qubad İbadoğlunun Müsavat partiyasından xaric edilməsi artıq partiyanın iki hissəyə parçalanmasından xəbər verir. Yaxın zamanlarda Müsavat partiyasının bazasında yeni bir partiya yaranacağı gözlənilir". SİA-nın xəbərinə görə, bu fikirləri BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.
Partiya rəsmisi əslində baş verənlərin gözlənilən olduğunu deyib: "Müsavat partiyasının sonuncu qurultayında 400 nəfərdən artıq nümayəndə olub. Başqanlıq uğrunda əsas mübarizənin isə Arıf Hacılı ilə Qubad İbadoğlu arasında getdiyi hər kəsə məlum idi. Arif Hacılı 228, Qubad bəy isə 200 səs toplayıb. Elə buradan da görünür ki, Qubad bəyin xeyli tərəfdarları var. O, qurultay bitdikdən sonra Arif Hacılının başqanlığını qəbul etməyib və özünə yaxın olan ətrafı ilə partiyada yeni hərəkat yaradıb. İsa Qəmbərin başqan olduğu dövrdə partiyada yüksək vəzifə tutan şəxsləri öz ətrafına toplayan İbadoğlu partiya daxilində ortaya "güc" qoya bildi".
Qubad İbadoğlunun partiyadan çıxarılmasını İsa Qəmbərin əks fikrə dözümsüzlüyü kimi xarakterizə edən Niyaməddin Orduxanlı bildirib ki, bu faktın özü İsa Qəmbərin avtoritar təfəkkürlü insan olduğunu sübut edir: "Bu adam 20 ildən artıqdır bəyan edir ki, ölkəyə demokratik ənənələri biz gətirəcəyik və ən böyük demokrat bizik. Öz partiyasında 400 nəfər adamla normal qurultay keçirə bilməyən, əks fikirli şəxsi partiyada xaric edən adam, hansı düşüncə ilə ölkəni idarə etmək iddiasına düşür? Belə bir adam heç vaxt demokratik ənənələrin inkişafını təmin edə bilməz. Bu, hakimiyyətə gəlmək üçün yalan danışmaqdan başqa bir şey deyil".
BAXCP sədrinin müavini onu da vurğulayıb ki, Qubad İbadoğlu İsa Qəmbəri həm də tayfabazlıqda ittiham edir: "Qubad İbadoğlunun partiyadan xaric edildikdən sonra ilk açıqlamasını oxudum. O, İsa Qəmbəri birbaşa tayfabazlıqda ittiham edirdi. Qubad bəyin müraciətinin son fikirləri bu notlarla bitirdi: "Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB