"Nobel mükafatı artıq siyasiləşib"

Zahid Oruc: “Karikatura çəkmək belə qəhrəmanlıqdırsa və Nobel bunu əhd edibsə, qoy versinlər”
"Nobel mükafatı artıq siyasiləşib"

"Məhəmməd Peyğəmbərin karikaturalarını çap etmiş Danimarkanın "Jyllands-Posten" qəzetinin redaktoru Fleminq Rouza Nobel sülh mükafatı verilərsə, bu həmin mükafatın özünün statusuna bir münasibət olacaq. Eyni zamanda Qərb ölkələrində sistemli olaraq dünyəvi məkanda siyasi mübarizənin aprıldığının göstəricisinə çevriləcək". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, bu siyasi bir mükafatdır: "Bu gün İrandan, Hindistandan çıxan insanları da Nobel ilə mükafatlandırırlar. Yəni, siyasi bir mükafatdır. Karikatura çəkmək belə qəhrəmanlıqdırsa və Nobel bunu əhd edibsə, qoy versinlər. Faktiki olaraq o mükafatın verilməsi "Qurani–Kərim"in varlığına təsir etməyəcək".

Millət vəkili İslam peyğəmbərinin karikaturalarının çəkilməsini dinlərarası savaşa yönələn addım hesab edir: "Avropa ölkələrində dövlət-vətəndaş münasibətləri belə qurulub. Bizdən, xüsusilə də müsəlman ölkələrindən baxanda bu çox qəddarlıq, insan haqlarının pozulması, dini etiqada, əqidə müstəqilliyinə müdaxilə kimi görünür. Lakin avrosentristlər onilliklər boyu belə bir baxışı, ictimai münasibətlər sistemini bərqərar ediblər. Ona görə də nəinki Məhəmməd Peyğəmbərə münasibətdə, eləcə də digər dinlərin rəhbərlərinə və yaxud da səmavi dinlərin özünə qarşı belə bir münasibətdədirlər. Hesab edirəm ki, bunun tirajlandırılmasında xüsusi məqsədlər var. Nəzərə alsaq ki, "Charlie Hebdo"ya qarşı məlum terror hadisələri zamanı fransız müəllifinin 2022-ci ildə Fransanın rəhbərinin müsəlman olacağından bəhs edən kitabı ətrafında çəkilmiş karikaturalar qəzəbi coşduran sonuncu damla olub və iki əlcəzairli terrorçu həmin qətli törədiblər. Mən hər hansı bir karikaturalara silahla cavab verilməsinə qarşıyam. Zənn edirəm ki, həqiqi peyğəmbərə, onun varlığına, ruhuna və onun vasitəsi ilə Allahın göndərdiyi "Qurani Kərim"ə tapınan adamlar silahla qələmi susdurmazlar".

Millət vəkili qeyd edib ki, müsəlman əhalinin sayının artması fonunda Avropa ölkələri müxtəlif tədbirlər görməyə çalışırlar: "Bu karikatura qalmaqalı əslində isterika içərisində olan, daha çox fundamentalist düşünən və hər hansı bir azadlıqları tanınmayan insanların müəyyənləşdirilməsi üçün sanki testə çevrilir. Onlar bunu edirlər ki, görək kim daha artıq dərəcədə radikallıq nümayiş etdirəcək və onları zərərsizləşdirəcəklər. Sanki bir kəşfiyyat əməliyyatına çevrilib. Ona görə də bu məsələyə daha fundamental yanaşmam var. Hesab edirəm ki, 15 əsrdir Məhəmməd Peyğəmbər üzərinə nəinki karikaturalarla, daşla, kəsəklə, silahla, terrorla gediblər. Hələ özünün sağlığında məhv etmək üçün müxtəlif vasitələrlə ona qarşı qəsdlər qurublar, müharibələr törədiblər. Ona görə də Məhəmməd Peyğəmbər özünün varlığının müqəddəsliyini qoruyub saxlayıb. İslam səmadan gələn bir din kimi özünün böyüklüyünü bu gün də saxlayır. Buna görə də həmin "Charlie Hebdo"nun 6 milyon tirajla çıxarırlar. Hansı ki, sonda Məhəmməd Peyğəmbər deyir ki, guya o "Şarlidir""dir. Guyaki "Mən Şarliyəm" onlar üçün anti-terror şüarına çevrildi. Buna da əl atdılar. Nə oldu? 6 milyon tiraj İslama inananların qarşısını aldımı? Xeyr. Bu gün 1 milyard 700 min insan İslam etiqadlıdır. Hansı ki, onlar müxtəlif millətlərə məxsusdurlar və onlar içərisində Qərb ölkələrinin vətəndaşları da var".

Bütün xəbərlər Facebook səhifəmizdə