"Əvvəlki illərdə bəzi Qeyri Hökümət Təşkilatlarının (QHT) xaricdən aldıqları maliyyənin şəffaf hesabatlılığı yox idi. Məhz ona görə də xaricdən müəyyən maddi vəsait müqabilində formal layihələr həyata keçirirdilər". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə bəzi QHT-lərin yerli mənbələrdən deyil, xarici donor təşkilatlarından qrantlar almağa üstünlük vermələrinə münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Milli Məclis "Qrantlar" və "QHT-lər haqqında" qanuna etdiyi əlavə və dəyişikliklərdən sonra bu məsələnin bir qədər qarşısı alınıb: "Amma bizdə olan məlumatlara görə, bəzi QHT-lər şifahi razılaşma ilə xarici ölkələrdə qeyri-rəsmi müqavilələr imzalayırlar. Çox təəssüf ki, bu gün də xaricə üz tutmağa meyilli QHT-lər var. Xaricdə üç-beş gün dincəlməyin hesabına öz fəaliyyətlərinə, həmçinin ölkənin adına ləkə gətirməklə məşğuldurlar. Bunları araşdırsaq görərik ki, onlar dövlətin maraqlarını qorumayan, ölkəsinin uğurlarına sevinməyən, Azərbaycanın imicinə xələl yetirməyə çalışanlardır".
Çingiz Qənizadə həmçinin qeyd edib ki, onlar əslində QHT-nın layihəsi altında bir sıra xarici dövlət və qərəzli təşkilatların tapşırıqlarını aldıqları təlimatlar sayəsində həyata keçirirlər: "Bu insanlar yaxşı olardı ki, xaricə işləməkdən əl çəksinlər, öz layihələrini Azərbaycanda həyata keçirməyə üstünlük versinlər. Hər kəsə məlumdur ki, ölkəmizdə QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir və istənilən QHT-nın layihəsini qiymətləndirməyə çalışır".
Millət vəkili xatırladıb ki, məhz bugünlərdə ABŞ-da bir qrup QHT nümayəndələri dinləmələr altında Azərbaycanın əleyhinə fəaliyyət göstərən, eləcə də ermənilərin iştirak etdiyi tədbirə qatılmaları həmin faktlardan biridir: "Bu addımı qətiyyətlə pisləyirəm. Hər kəs xaricdə də, daxildə də azad fikir söyləyə bilər, amma bizi birləşdirən milli maraqlardan çıxış etmək şərti ilə. Biz torpaq bütövlüyümüzə, torpaq uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna hörmət etməyə borcluyuq. Erməni qəsbkarları ilə bir masa araxasında oturub, dövlətimizin maraqlarına xələl gətirən fikirlər sərgiləmək heç bir QHT nümayəndəsinə başucalığı gətirməyəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB