Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində faciə qurbanları anılıb FOTOLAR
Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın - 20 Yanvar qırğınının 25-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də geniş qeyd edilir. Qurumdan SİA-ya verilən məlumata görə, xalqımızın qəhrəmanlıq salnaməsinə qanla yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar xidmətin bütün qurumlarında geniş tədbirlər həyata keçirilir, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunur.
Bu gün Penitensiar xidmətdə bu münasibətlə Baş idarə işçilərinin iştirakı ilə tədbir keçirilib. "20 Yanvar" şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq yığıncaq yanvar qırğını qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri açaraq bildirdi ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri və yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır. M.Quliyev Azərbaycanın o zamankı səbatsız, səriştəsiz rəhbərliyinin günahı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməməsini, yalnız xalqının müsibətinə biganə qala bilməyən Ümummilli Lider Heydər Əliyevin qanlı aksiyaya dərhal reaksiya verməsini və xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ilin fevral ayında faciə ilə əlaqədar geniş işlər görüldüyünü xatırlatdı. Qeyd olundu ki, yalnız o zaman 20 Yanvar hadisələrinə ilk dəfə düzgün siyasi-hüquqi qiymət verildi, 20 Yanvar qurbanlarının xatirəsi əbədiləşdirildi, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımıza əsl dövlət qayğısı göstərildi.
Tədbirin sonunda bir daha vurğulanıb ki, xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsidir və hər bir vətəndaş bu tarixi günlə qürur duymalıdır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB