Qüdrət Həsənquliyev: “Rus ordusu Ermənistanda 20 Yanvardan da ağır qətliam törədə bilər”

Qüdrət Həsənquliyev: “Rus ordusu Ermənistanda 20 Yanvardan da ağır qətliam törədə bilər”

"Ermənilərin rus boyunduruğundan asanlıqla çıxmasını gözləmirəm. Çünki, bu mümkün olmayacaq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər Ermənistanda Rusiya əleyhinə güclənən aksiyalardan danışarkən deyib.

Q. Həsənquliyev qeyd edib ki, Ermənistanda da müəyyən qüvvələr bu ölkənin müstəqil olmadığını başa düşürlər: "Bu dövlət Rusiyanın forpostudur. Erməni xalqının xoşbəxtliyi üçün mütləq Ermənistanda erməni xalqı söz sahibi olmalıdır. Hazırda orada bütün məsələləri Kreml həll edir. Rus ordusunun Ermənistanda olması bu ölkədə Kremlin mövcudluğunu təmin edir. Ağıllı insanlar bunu başa düşürlər. Amma onlar həm erməni millətçilərindən, həm də Rusiyadan qorxduqları üçün səslərini çox aktiv formada səsini çıxara bilmir. Amma əminəm ki, zaman keçdikcə bu etiraz səsləri daha da yüksələcək".

"Gümrüdəki hərbi baza çox böyükdür. Rusiya Ermənistanı itirməmək üçün yeri gəlsə, qanlı qətllər törətməkdən belə çəkinməyəcək. Yəni, qərbpərəstlərlə kremlpərəstlər arasında toqquşmalar olsa, rus ordusu 20 Yanvardan da ağır qətliamları Ermənistanda törədə bilər. Necə ki, 1999-cu ildə parlamentdə Azərbaycanla münasibətləri tənzimləmək istəyən Vazgen Sərkisyan və Stepan Dəmirçiyanı güllələtdirdi. Rusiya daxilində 1907-ci il inqlabına bənzər hadisə baş verməsə və düşdüyü böhrandan çıxa bilsə, Ermənistanın rus boyunduruğudan çıxacağı inandırıcı deyil". – Q. Həsənquliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə