XİN sözçüsü: “Ermənistan Böyük sülh sazişi üzrə işə başlamağa mane olur” ŞƏRH

XİN sözçüsü: “Ermənistan Böyük sülh sazişi üzrə işə başlamağa mane olur” ŞƏRH

"Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir". SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış gərginlik ilə əlaqədar söylədiklərini şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər: "Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir.

ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilmişdir ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə