“Azadlıq Radiosu”nun qərəzli fəaliyyəti media kapitanlarının gözü ilə

“Azadlıq Radiosu”nun qərəzli fəaliyyəti media kapitanlarının gözü ilə

"Azadlıq Radiosu"nun Azərbaycan bürosunun qərəzli və qeyri-obyektiv fəaliyyəti mətbuat sahəsində fəaliyyət göstrən media kapitanları tərəfindən də etiraf olunmaqdadır. Bununla bağlı SİA-ya açıqlama verən tanınmış mətbuat nümayəndələri öz fikirlərini açıqlayarkən vurğulayıblar ki, istənilən halda dövlətçiliyimizin maraqlarına qarşı çıxan hər hansı media qurumunun fəaliyyəti mütləq araşdırılmalıdır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli: "Radionun fəaliyyəti media müstəvisindən çıxaraq hansısa siyasi qüvvələrin ruporu rolunda iştirak edir".

- Bu məsələni media müstəvisində qiymətləndirmək mümkün deyil. Çünki uzun müddətdir, "Azadlıq Radiosu"nun istər rəhbərliyinin, istərsə də işçilərinin bu və ya digər məsələlərdə bir siyasi kampaniyanın tərkib hissəsi olduğunu aşkar şəkildə görməkdəyik. Radionun fəaliyyəti media müstəvisindən çıxaraq hansısa siyasi qüvvələrin ruporu rolunda iştirak edir. Onlar ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda strukturlaşıblar. Amma bunların ölkəmizin maraqlarını təmin etdiklərini görmürük. Azərbaycanın Dağlıq Qarabağ kimi ciddi bir problemi olduğu halda, bizim haqq səsimizin dünyada eşidilməsində heç bir rol oynamadı. Bunlar məsələyə tamamilə ayrı kontekstdən yanaşaraq, hansısa məcburi köçkünün Azərbaycan sosial vəziyyətini araşdırmaqla məşğul olurlar. Əslində qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti dövlətimizin daxili məsələsidir. Bu radio haqq səsimizi dünya ictimaiyyətini çatdırmaq, erməniləri dünyada qınaq obyektinə çevirmək əvəzinə, ona aid olmayan məsələni qabartmaqla məşğul idi. Bu baxımdan da baş verən prosesləri dəyərləndirməyə çətinlik çəkirəm. Yeni-yeni faktların üzə çıxması bir daha onu göstərir ki, bu məsələ böyük bir siyasi kampaniyaya çevrilib. Arzu edərdim ki, məsələlər sona qədər araşdırılsın və "Azadlıq Radiosu" anti-Azərbaycan kampaniyalarında rolu olmadığını sübut edə biləcək qədər faktlar tapa bilsin. Amma bu nə dərəcədə mümkün olacaq, məlum deyil.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Bizim üçün əsas məsələ bu kimi beynəlxalq informasiya orqanlarının Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmasıdır".

- Bu radionun ABŞ kəşfiyyat orqanları tərəfindən təlimatlandırılması barədə konkret fikir söyləmək istəməzdim. Amma bu danılmazdır ki, sözügedən radio ABŞ Konqresi tərəfindən maliyyələşdirilən informasiya qrupudur. Bu baxımdan özünün informasiya və təhlil şəbəkəsində daha çox ABŞ-ın maraqlarına üstünlük verir. Dünyada baş verən proseslərə də bu prizamadan yanaşır. Hazırki şəraitdə Azərbaycanda bu məsələnin aktuallaşması, radionun kim tərəfindən idarə olunması bizi maraqlandırmamalıdır. Bizim üçün əsas məsələ bu kimi beynəlxalq informasiya orqanlarının Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmasıdır. Əks halda, lazımi qaydada müdaxilə edilməlidir. Azadlıq radiosunun Bakı ofisində baş verən hadisələri bəziləri bu radionun təqib edildiyini, fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verməyə çalışsalar da, amma Azərbaycan tərəfi bunu tam aydınlığı ilə sübut edir. Burada əsas məsələ konkret cinayət işinin araşdırılmasında bu radio barədə məqamların aydınlaşdırılmasından gedir. Dövlət onun fəaliyyətinin tamamilə dayandırılması fikrində deyil.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: ""Azadlıq Radiosu"nun Ermənistanla ortaq layihələr həyata keçirməsi də əsaslı faktlara söykənir".

- Bu qurumun fəaliyyətində ABŞ-ın kəşfiyyat orqanlarının maraqlarını təmin edən məqamlar hər zaman nəzərə çarpıb. Fakt olaraq bu radio fəaliyyət göstərdiyi ölkələrdə yalnız bölücülüklə, seperatçılqla məşğul olub. Daxildə siyasi gərginliyi artıraraq, bundan sui-istifadə etməyə çalışıb. Azərbaycanda da hadisələr bu yöndə olub. Transmilli media ilə bağlı uzun illərdir həyəcan siqnalı çalınır. Ölkəmizdə də bu məsələ dəfələrlə yayılıb, bu haqda fikirlər səsləndirilib. Bəzi dövlətlər nəzarətlərində olan transmilli media qurumlarının vasitəsilə öz maraqlarını təmin etmək məqsədi ilə başqa ölkələrin ərazilərində onların informasiya təhlükəsizliyinə təhdid yaradan məlumatlar yaymaqla məşğul olur. Bi sirr deyil, hər kəsə məlum olan faktdır. Ölkəmizdə fəaliyyət göstərən "Azadlıq Radiosu" da eyni mövqedən çıxış edib. Əslində bu radio hər zaman ayrı-ayrı qüvvələrin, siyasi qübbələrin maraqlarından çıxış edərək, obyektivlikdən kənar olub. Bu baxımdan bir sıra hallarda hətta dezinformasiya xarakterli olsa belə radionun efirində çirkab məlumatların yayılması da buna işarədəir. Eyni zamanda, düşmən ölkə ilə Ermənistanla ortaq layihələrin həyata keçirilməsi də əsaslı faktlara söykənir. Sözügedən radionun Ermənistan bürosu bütün məqamlarda yalnız ermənilərin maraqlarından çıxış edib, amma Azərbaycan bürosu isə Ermənistanın maraqlarını müdafiə edib. Məhz buradan da nəticə çıxarmaq lazımdır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə