Ombudsman təsisatının 41 əməkdaşı 50 seçki dairəsində seçkiləri müşahidə edib

Ombudsman təsisatının 41 əməkdaşı 50 seçki dairəsində seçkiləri müşahidə edib

"Ombudsman təsisatı Azərbaycanda bələdiyyələrlə çox aktiv işləyir". SİA-nın məlumatına görə, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib.

E. Süleymanova qeyd edib ki, ombudsman təsisatının 41 əməkdaşı bu gün ölkə ərazisində 50 seçki dairəsində seçkiləri müşahidə edib: "Ancaq hələ də bəzi sənədlərə lazımı qədər fikir vermirik. Məsələn, prezidentin 2005-ci ilin may və oktyabr aylarında parlament seçkiləri ilə bağlı sərəncamları olub. Bu sərəncamlar parlament seçkilərinə aid olsa da, qüvvədədirlər və hər zaman bu sərəncamlardan təbliğat və işlərində istifadə edilməlidir. Bu sərəncamlarda göstərilir ki, seçkilər azad təşkil edilməli, hər kəs inandığını, etibar etdiyi insana öz seçimi ilə səs verməlidir. Hətta prezidentin sərəncamlarda qeyd edilib ki, heç kəs, nə icra hakimiyyəti orqanları, nə Mərkəzi Seçki Komissiyası və seçki komissiyalarının seçki prosesinə qarışmaq hüququ yoxdur, qanun pozuntusuna yol verənlər məsuliyyət daşıyır. Əvvəlki seçkilərdə də bəzi məntəqə və dairələrdə seçkilərin nəticələri ləğv olunub, bəzi vəzifələr şəxslər vəzifələrindən kənarlaşdırılıblar".

Ombudsman Elmira Süleymanova Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesinə və böyük şəhər bələdiyyələrinin yaradılması ilə bağlı təkliflərə də münasibət bildirib: "Əvvəllər bələdiyyələrin sayı 2500, birləşmə prosesindən sonra isə 1607 olub. Çoxsaylı xırda bələdiyyələr praktiki olaraq azsaylı əhaliyə xidmət göstərməklə bağlı səmərəli iş apara bilməyiblər. Bu bələdiyyələr icmaların problemini, maliyyə məsələlərini həll etməkdə çətinlik çəkiblər. Burada söhbət tək maliyyədən getmir. Tez-tez eşidirik ki, gərək bələdiyyələrə dövlət tərəfindən daha çox dəstək verilsin. Əslində özünüidarəetmə bunu tələb etmir. Aktiv, səriştəli bələdiyyələr sübut etdi ki, əgər bələdiyyənin işi düzgün qurulursa, bələdiyyənin sədri kifayət qədər səriştəlidirsə, işi bacarırsa və icma çox tələbkardırsa, bələdiyyənin fəaliyyəti uğurlu olur. Xüsusən icma tələbkar olmalı, icmadan toplanan vəsaitlərlə bağlı bələdiyyələrdə şəffaflığın təmin edilməsinə çalışmalıdır".

Böyük şəhər bələdiyyələrin yaradılmasının nə dərəcədə zəruri olub-olmadığı barədə sualı cavablandıran E. Süleymanova qeyd edib ki, bunu zaman göstərəcək: "Hər halda bütövlükdə bələdiyyə sistemi özünü doğruldandır. Məsələn, başqa ölkələrə, şəhərlərə baxsaq, belə qurumlar var. O bələdiyyələrdə də hər şey bələdiyyənin başında olan insanlardan və əhalinin aktivliyindən asılıdır. Şərt deyil ki, hər bir şəhərdə böyük şəhər bələdiyyəsi olsun. Amma olan yerdə, gərək səviyyəli olsunlar, bələdiyyənin vəzifələrini, qanunları yaxşı bilsinlər. Hər şeydən əvvəl insanlarla ünsiyyətdə olsunlar, hər bir kəs üçün əlçatan olsunlar, insanlar təkliflərini verə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə