Yeni Azərbaycan Partiyası Oğuz rayon mədəniyyət evində gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov rayon təşkilatının bələdiyyə seçkilərində fəaliyyət proqramına uyğun olaraq gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, görülmüş operativ tədbirlərin fonunda artıq rayon seçkilərə tam hazırdır: "Bütün məntəqələr üzrə partiya tərəfindən müvafiq olaraq müşahidəçilər və məşvərətçi səs hüquqlu komissiya üzvləri müəyyənləşdirilib. Onlara seçki günü görəcəkləri işlər barədə seminarlar keçirilib. Qrafik üzrə təbliğat-təşviqat işləri də uğurla davam etdirilir".
Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov ümumxalq partiyası olan YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərib: "Ölkəmiz bu gün Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolunda irəliləyir. Prezident İlham Əliyev gəncliyin inkişafına böyük önəm verir. Elə bələdiyyə seçkilərində də gənclərin önə çəkilməsi buna bariz nümunədir. Bu seçkilərdə də Yeni Azərbaycan Partiyası elə siz gənclərin iştirakı və fəallığı ilə növbəti dəfə qələbə qazanacaq".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası özünün çox böyük seçki təcrübəsinə əsaslanaraq bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasını mütəşəkkil qaydada və uğurla davam etdirir: "Partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə edən nümayəndələri öz sıralarında birləşdirir. Təsadüfi deyil ki, qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyası bələdiyyə üzvlüyünə namizədlər sırasında gənclərin və qadınların təmsilçiliyinə xüsusi önəm verib. Bu gün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində gənclərimiz cəmiyyətin aparıcı, fəal qüvvəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir. Biz əminik ki, gənclərimiz də ölkə başçısının onlara olan etimadını doğruldaraq dövlətimizin inkişafı, qüdrətlənməsi naminə öz səylərini əsirgəməyəcəklər. Qarşıdan gələn bələdiyyə seçkilərində də gənclərimiz daha fəal olmalı, gənc namizədlərin bələdiyyələrdə daha çox təmsil olunması üçün inamla mübarizə aparmalıdır".
Tədbirdə çıxış edən Oğuz Ağsaqqallar Şurasının sədri Cuma Cumayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və doğma Oğuz gündən-günə inkişaf edir: "Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər".
Tədbirdə YAP tərəfindən namizədliyi irəli sürülmüş Akif Nəsirov, Zaur Əzizov və Tünzalə Abduləzizova çıxış edərək namizədliklərini irəli sürdükləri kəndlər üzrə görülmüş işlərdən və qarşıdan gələn beş il ərzində qarşıya qoyulan məqsəd və vəzifələrdən danışıblar.
Onlar da bütün seçiciləri Azərbaycanın daha da inkişafı və çiçəklənməsi naminə YAP namizədlərinə səs verməyə dəvət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB