Arzu Nağıyev: “Qanun pozuntusu ilə hüquq pozuntusunu səhv salmaq olmaz” AÇIQLAMA

Arzu Nağıyev: “Qanun pozuntusu ilə hüquq pozuntusunu səhv salmaq olmaz” AÇIQLAMA

"Son zamanlar ABŞ-da irqi ayrı-seçkilik zəminində qarşıdurmalar dərinləşir, istər hüquq–mühafizə, istərsə də məhkəmələr sistemində zorakılıq, qanun pozuntuları ilə bağlı ciddi problemlər yaranıb. Buna misal olaraq Ferqyuson və digər şəhərlərdə baş verən kütləvi iğtişaşların baş verməsini göstərmək olar". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspertin sözlərinə görə, ABŞ siyasi rəhbərliyi bunu demokratiyanın təzahürü kimi biruzə verməyə çalışsa da faktlar göz qabağındadır: "Bununla bağlı Prezident Barak Obama çıxışlarında qanunlarda boşluqlar olduğunu və onların aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini bildirib. Lakin artıq cəmiyyət tərəfindən iqtidarda olan demokratlara inamın zəifliyi və bir sıra ştatlarda respublikaçlıların böyük artımla səs çoxluğu qazanmaları buna bariz bir sübutdur. Sözsüz ki, burada Rusiya faktoru və onun əks təbliğatı da öz rolunu oynayır".

A.Nağıyev bildirib ki, burada əsas məsələ belə bir vəziyyətdə olan ABŞ-ın Azərbaycanda insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı verdiyi qeyri-ciddi bəyanatlarıdır: "Məlumdur ki, insan hüquqlarının təminatı və azadlıqların qorunması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. Ölkəmizdə hər bir vətəndaşa hüquq və dövlət qanunlarının icrası ilə bağlı müəyyən imtiyazlar verilib. Qanun pozuntusu ilə hüquq pozuntusunu səhv salmaq olmaz. Düşünürəm ki, qanunu pozaraq cəzaya hökm edilmiş vətəndaşla, hüququ pozulmuş vətəndaşın fərqi var. Məhz bu baxımdan ABŞ-ın Azərbaycanı qınaq obyektinə çevirməsi və ya nədə isə ittiham etməsi düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə