Əli Əhmədov: “Azərbaycan cəmiyyəti bütün təhlükələrin qarşısını almağa qadirdir” FOTOLAR - VİDEO
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik" mövzusunda gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov və gənclər iştirak ediblər. İlk öncə qonaqlar Binəqədi Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə ucaldılan Ulu Öndərin abidəsi qarşısına gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, milli mənəvi dəyərlərimiz gənclərin həyatında müstəsna rol oynayır: "Dinimiz, ənənələrimiz milli mənəvi dəyərlər olduğundan onun qorunması bizlər, xüsusilə də gənclər üçün vacib məsələlərdəndir. Bu baxımdan, gənclər öz üzərlərinə düşən məsuliyyəti dərk etməli, bu yöndə öz müsbət fikirləri ilə cəmiyyətə tövhələrini verməlidirlər".
Mövzu ətrafında geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə dini tolerantlıq höküm sürdüyü üçün dini radikalizmin olmadığını diqqətə çatdırıb. YAP icra katibi qeyd edib ki, vaxtilə Azərbaycan dini radikalizimdən əziyyət çəkən ölkə olub, amma Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi radikalizmə son verildi və sabit inkişafın əsası qoyuldu: "Hazırda dünya ölkələri təlatümlü bir dövr yaşamaqdadır. Dövlətlər müstəmləkəçiliyə son qoyulduqdan sonra dünya xəritəsinin mənzərəsini dəyişmək iddialarını ortaya qoyub. Bunların fonunda Azərbaycana uzaq olmayan, yaxın ərazilərimizdə bizi narahat edən bir sıra proseslər baş verir. Bu gün dini radikalizm deyilən bir anlayış açıq şəkildə özünü göstərir. İslam dini ən qatı radikalizm nümunəsi kimi bəşəriyyətə təqdim olunmaqdadır. Kimlərsə bunu səbəb, kimlərsə nəticə kimi göstərir. Azərbaycanda dini radikalizm olmayıb, amma siyasi radikalizm 20 il öncəki tarixdə cəmiyyətimizə çox ciddi zərbələr vurub. Xaos, anarxiya, qarşıdurmalar 1990-cı illərin siyasi radikalizminin nəticələri idi. Bu gün Azərbaycan cəmiyyəti bütün təhlükələrin qarşısını almağa qadirdir. Sabitlik, əmin amanlıq, dinclik, dini dözümlülük, demokratik ənənələrin yaranması, sivil vətəndaş cəmiyyəti normalarının yaranması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sabitliyin olmadığı yerdə hər hansı bir inkişafdan danışmaq mümkün deyil. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti əsasında müstəqil, güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövləti yaradıldı. Bu siyasət bu gün Ulu Öndərin layiqli siyasi varisi Ölkə Prezidenti, Yeni Azərbayucan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Baş nazirin müavini Əli Əhmədov eyni zamanda, gənclərin cəmiyyətdə rolunun, missiyasının nədən ibarət olduğunu və bu yöndə fəaliyyətlərində hansı müsbət nəticələr əldə edə biləcəklərini də qeyd edib.
Tədbir gənclərin qonaqlara ünvanladıqları sullarla yekunlaşıb.





İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB