YAP Suraxanı rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaraçuxur - Günəşli ərazisindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının səlahiyyətli nümayəndəsi Fərman Rəsulov bildirib ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, Suraxanı rayon təşkilatı mütamadi tədbirlər keçirməkdədir. O, seçicilərin hüquqlarından və bələdiyyə seçkisinin mahiyyətindən söz açaraq belə tədbirlərin keçirilməsinin seçiciləri maarifləndirilməsində əhəmiyyətli olduğunu qeyd edib: "Qaraçuxur və Günəşli qəsəbəsindən Yeni Azərbaycan Partiyası tərəfindən rayon bələdiyyəsinə 17 nəfərin namizədliyi irəli sürülüb. Yeni Azərbaycan Partiyası ölkədə get-gedə güclənməkdə olan tərəqqi və inkişafdan bəhrələnərək, daha da güclənir, sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib".
F.Rəsulov rayon əhalisinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirib.
Tədbirdə bələdiyyədə üzv olmuş, hazırda YAP tərəfindən namizədliyi irəli sürülmüş Əvəz Mirzəliyev Qaraçüxür bələdiyyəsində görülən işlər haqqında hesabat verib. O, bələdiyyələrin əsas vəzifəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq bələdiyyələrin vətəndaşlara xidmət etdiyini vurğulayıb.
Görüşdə çıxış edən rayon təşkilatının Seçki Qərəgahının üzvü, YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının sədri Zəkiyyə Musayeva bələdiyyələrdə qadınların və gənclərin rolundan danışdı və partiyanın tövsiyələrinə əsasən, qadın və gənclərə üstünlük verildiyini bildirib. O, qeyd edib ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı cəmiyyətdə sosial ədalət prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. müasir həyatımızda bələdiyyə üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Sonra tədbirdə çıxış edən namizədlər xalqın etimadını doğruldacaqlarına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində səylə çalışacaqlarını bildiriblər.
Tədbirdə rayon Seçki Qərargahının üzvləri Etibar Quliyev, Sevda Hacıyeva, Arzu Sarbalıyev və başqaları çıxış edərək namizədlərə seçkilərdə uğurlar arzulayıblar.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB