Mübariz Əhmədoğlu: “İran özünü güclü və haqlı hesab edir”

Mübariz Əhmədoğlu: “İran özünü güclü və haqlı hesab edir”

"Bu gün İran özünü güclü və haqlı hesab edir. Ona görə də əvvəlki mövqelərini sərtləşdirir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, geosiyasi reallıqlar İranın istədiyi istiqamətə çevrilib: "Ona görə İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xamneyi nüvə danışıqlarında Prezidentə və xarici işlər nazirinə verdiyi səlahiyyət dairəsini sonradan daraltdı. Proseslərin maraqlı dinamikası var".

Politoloqun sözlərinə görə, İranın Ali dini liderinə ABŞ prezidenti Barak Obamanın 4 dəfə məktub ünvanladığı üzə çıxdı: "Barak Obamanın nüvə məsələsindən ötrü Ali dini rəhbərə müraciət etməsi çox düzgün məsələdir. Çünki İranda yeganə səlahiyyət sahibi, tam hökmran Ali dini liderdir. Amma məktubun məzmununun tərtibində Barak Obama görünür, psixoloji vurğuları düzgün işlətməyib, nəticədə Obamanın məktubları Ali dini liderə özünü daha güclü hissə etməyə imkan verib".

M. Əhmədoğlu bildirib ki, İran "Hizbullah" və "Həmas"ı yenidən öz orbitinə qaytarıb: "Bir müddət əvvəl Livanda fəaliyyət göstərən "Hizbullah" İrandan küsmüşdü. Hətta İranın müsəlman həmrəyliyindən sui-istifadə etdiyindən şübhələnmişdi. İstədiyi qədər maliyyəni ala bilmirdi. "Həmas" vaxtilə İranın maliyyət dəstəyinin hesabına seçkiləri uddu. Sonra İran ona yardımlarını davam etdirdi. Ortada elə bir dövr oldu ki, "Həmas" da İrandan uzaqlaşdı və Qətərin təsir zonasına düşdü. İndi İran həm "Hizbullah"a, həm də "Həmas"a istənilən qədər maliyyə və silah yardımı edə bilir. Ehtimal ki, bu Qərbin sanksiyalarının yumşalması nəticəsində İrana əlavə valyutanın daxil olmasının nəticəsidir. Təsadüfən və ya bilərəkdən "Həmas"ın son anti-israil hücumlarının, Fələstinin içərisindəki bəzi qeyri-müəyyən qrupların İsrailin içərisində təxribatlar törətməsi İranın "Həmas"a və ümumilikdə Fələstinə maliyyə yardımını artırmasından sonraya düşüb. İranın Ali dini rəhbəri "Həmas"a və "Hizbullah"a maliyyə və silah yardımı etdiklərini açıq şəkildə etiraf edib. Ali dini rəhbərin bu mövzuya həsr olunmuş iclasında "Həmas"-ın lideri X.Maşal başda olmaqla bütün rəhbərlik İran rəsmiləri kimi iştirak edirdilər. "Hizbullah" da həmin iclasda təmsil olunmuşdu. İş də burasındadır ki, Fələstin ilə İsrail arasında son toqquşmalar Fələstinlə İsrailin sülh əldə etməyə yaxın olduğu vaxta düşdü. İran İsraillə Fələstin arasında qarşıdurmada müharibənin davam etməsində ciddi maraqlıdır. İranın dini və siyasi təbliğatı yalnız bunun üzərində qurulub. İran hələ ki, başqa təbliğat özülü hazırlamayıb. Yaranmış vəziyyət İsraildən Fələstin istiqamətində xüsusi inam və davranış manerası tələb edir. İsrail dövlətdir, mütəşəkkildir, Fələstində özgə dövlətlərə bağlı olan qruplar çoxdur. İsrail Fələstin rəhbərliyində inamını artırmaqla bir müddətdən sonra bu qrupların tamamilə sıradan çıxmasına nail ola bilər. Çünki bir az öncə həmin qruplar tam sakit idi. İranın Azərbaycana qarşı münasibətinin istiləşməsi də İranın "HƏMAS" və "Hizbullah"la əlaqələrinin ən zəif dövründə başladı".

Mərkəz direktoru deyib ki, bu gün Rusiya İrana xeyli yaxınlaşmağa cəhd edir: "Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin sanballı nümayəndə heyətilə İranda səfərdə oldu. Onunla yalnız parlamentin spikeri Ə.Laricani görüşdü. Hətta sonradan İranın məsləhət şurasının sədri, eks-prezident Ə.Rəfsəncani ilə görüş səfər proqramına daxil edilsə də bu görüş də baş tutmadı. İran və Rusiya münasibətlərinin görünən tərəflərinə və Rusiyanın ambisiyasına görə Rusiya Dövlət Dumasının sədrini hətta Ali dini lider qəbul etməli idi. Heç prezident qəbul etmədi. İranın Rusiyaya qarşı belə diplomatik demarşının digər səbəbləri də var: Rusiyanın İrandakı səfiri İranda Rusiyanın maraqlarından daha çox başqa dövlətin maraqlarına xidmət edən diplomat kimi görünür. Rusiyanın İran siyasətini iflasa uğradan Rusiya diplomatlar qrupu indi də bu sahəyə rəhbərlik etməkdə davam edirlər. Sergey Narışkin İranı KTMT PA-ya üzv olmağa dəvət etdi. RF xarici işlər naziri Sergey Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü mümkün adlandırdı. Vladimir Putin təşəbbüs göstərərək Həsən Ruhani ilə telefonla danışdı. Rusiya Pravoslav Kilsəsinin başçısı Kiril də İranın Ali dini lideri Seyyid Əli Xamneyi ilə görüşə cəhd edir. Onun bu barədə hətta Azərbaycanın dini lideri, Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə məsləhətləşmə apardığını da ehtimal etmək olar. Şeyxülislam Hacı Allahşükür Paşazadə Xamneyi ilə güclü şəxsi münasibətlərə malikdir".

M.Əhmədoğlu qeyd edib ki, İran Rusiyaya yox cavabını daha konkret şəkildə verdi: "İran aşkar şəkildə anti-Rusiya kursu götürüb, qorxusu yoxdur. ABŞ-la münasibətdə ən böyük dividenti də məhz anti-rusiyaçılıqda görür. İran indi Rusiyanın təsir zonasında olan Qafqazı və Mərkəzi Asiyanın özünün tarixi zonası hesab etmək fikrində getdikcə daha israrlı olur. Yaranmış vəziyyət İranı gücləndirir. Gücləndiyi üçün İran özünü haqlı hesab edir, haqlı hesab etdiyi üçün əvvəlki mövqelərini sərtləşdirir. ABŞ Dövlət katibinin nüvə danışıqlarının sonuncu raundu zamanı İsrailin baş naziri ilə telefonla danışması da bu kontekstdən sadəcə bəhanə rolunu oynaya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə