Milli Məclisin Sosial Siyasət Komitəsi tərəfindən "HİV haqqında" mövcud qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsi Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib.
İctimai dinləmələrin dekabrın 4-də parlamentdə keçirilməsi nəzərdə tutulduğunu deyən millət vəkili bildirib ki, sözügedən dinləmələrdə həm komitə üzvləri, həm məsələ ilə əlaqəli qurumlar, QHT-lər, həm də gənclər iştirak edəcəklər.
Bundan əlavə komitə sədri qeyd edib ki, "Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında" yeni qanun layihəsi hazırlamaq və bununla bağlı ictimai dinləmələr keçirmək nəzərdə tutulur: "İlkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənib hazırlanması məqsədəuyğun sayılıb. Komitəmizin üzvləri Yaqub müəllim və Sevinc xanım bu məsələni gündəmə gətiriblər. Əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni bir qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq. Bununla bağlı Nazirlər Kabineti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür".
H. Rəcəbli həmçinin Milli Məclisin Sosial siyasət komitəsində eynəklərlə bağlı yeni qanun layihəsi hazırlandığını söyləyib.
Onun sözlərinə görə, ilkin olaraq adıçəkilən qanun layihəsinin "Optika haqqında" adlandırılması nəzərdə tutulsa da, sonradan bu fikirdən daşınılıb: "Bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması gözlənilir. Onu da deyim ki, bu gün ölkə əhalisinin tən yarısı eynəklərdən, gözlüklərdən, linzalardan istifadə edir. Bəzən də həmin eynəklərin, gözlüklərin həkim məsləhəti olmadan və normalardan kənar taxılması bir sıra digər xəstəliklərin yaranmasına səbəb olur. İlk baxışda elə bilirsən ki, bu xəstəlik sinir gərginliyindən, əsəbdən törənib, ancaq sonra məlum olur ki, bunun kökündə eynəklərdən düzgün istifadə edilməməsi dayanır. Ona görə də bu yöndə qanun layihəsinin hazırlanmasına başlamışıq və onu ən azı qarşıdan gələn yaz sessiyasının ilkin müzakirələrinə çıxarmağı düşünürük".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB