APA 10 yaşını qeyd edib YENİLƏNİB-FOTO

APA 10 yaşını qeyd edib YENİLƏNİB-FOTO

Bu gün APA kimi tanıdığımız Azəri Press Agentliyinin yaranmasından 10 il keçir. SİA-nın məlumatına görə, "Kempinski otel"də keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri, media kapitanları və digər rəsmi şəxslər iştirak edib.

İlk öncə, APA-nın yaranma tarixini əks etdirən film nümayiş etdirilib.

Diqqətə çatdırılıb ki, APA 10 il ərzində Azərbaycan mediasında özünəməxsus yer tutub və uğurlu fəaliyyəti ilə həmkarlarını sevindirib. Bildirilib ki, APA mətbuatın bu qarmaqarışıq dönəmində etibarlı xəbər istehsal edən media orqanları sırasındadır. Qeyd edilib ki, qurum hər zaman çalışıb medianın "etibarlı mənbəli" xəbərlərindən bezən oxucularına etibarlı xəbər versin.

"APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyev bildirib ki, qurum 2004-cü ildə fəaliyyətə başlayanda Azərbaycanda xəbər agentlikləri var idi: "Seçilən və fərqlənən agentlik olmaq istəyirdik. Birinci hədəf bu idi - yazıları, xəbərləri təmiz Azərbaycan dilində təqdim eləməliyik. Sonra bizim APA-nın tərkibində bölmə kimi düşündüyümüz hissələrdən ayrı saytlar yarandı - APA Sport, APA Ekonomiks və sair".

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı diqqətə çatdırıb ki, APA Azərbaycan informasiya məkanında əsas xəbər istehsalçılarından biridir: "Bir xeyli məşhur imzanın çalışdığı, Azərbaycanla bağlı həqiqətlərin çatdırılmasında rolu olan media quruluşudur. Amma bunlar barədə mənim geniş danışmağım qeyri-təvazökarlıq olar. Hər halda APA Azərbaycanın son 10 illik media tarixində imzası olan qurumlardan birinə çevrilib. Əlbəttə, buna ölkədəki media mühiti, internet medianın azad inkişafına yaradılmış şərait, bir media qurumu olaraq dövlətin, dostlarımızın, oxucularımızın APA-ya göstərdiyi etimad və diqqət səbəb olub".

Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-nın yaradıcı kollektivi təbrik edib: "Başladığınız bu yolun davamı olaraq sizə uğurlar arzu edirəm. Mən bütün yaradıcı kollektivin əməyini çox yüksək qiymətləndirirəm. Həsən bəy Zərdabidən sonra Azərbaycan mediasının inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən mətbuatın üzərindən senzuranın ləğv etməsi ilə yüksək təkamül yolu tapdı. 2008-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu bir daha mətbuatın inkişafında mühüm rola malik oldu. APA-nın operativliyinə heç kimin şübhəsi olmasın. APA Azərbaycanda rəqabətə davamlı bir qurumdur. Hər agentlik hazırladığı xəbər standartına görə dünyada qəbul olunmur. Amma APA bu yöndə seçilir. Biz hər zaman çalışırıq ki, peşəmizin tələblərini yerinə yetirək".

Tədbirə bədii hissə ilə yekun vurulub.

Qeyd edək ki, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və "on-line" sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə