Müsavatda fraksiya iddiası BÖYÜDÜ

Tural Abbaslı: “MNTK-nın icazəsi bizə zatən lazım deyil”
Müsavatda fraksiya iddiası BÖYÜDÜ

"Əgər nəyəsə qadağa yoxdursa, deməli bunu etmək mümkündür. Hüquqda da belə yanaşma öz əksini tapır". Bu fikirləri SİA-ya müsavatçı funksioner, partiya başqanlığına keçmiş namizəd Tural Abbaslı Məclis üzvü Mustafa Hacıbəylinin narazıların partiyadaxili fraksiyanın yaradılmasında pozuntuya yol verdiklərini, eləcə də bu müddəanın Nizamnamədə olmaması iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasının Nizamnaməsində fraksiyanın yaradılmasını qadağan edən heç bir maddə yoxdur: "Narazı olanların partiya üzvü kimi, bir vətəndaş kimi qanunda göstərilməyən, qadağa qoyulmayan fraksiya yaratmaq hüquqları var. Partiyadaxili diskusiyalarda fraksiyanın əleyhinə çoxlu sayda qadağalar ola bilər. Amma bizim haqlı tərəf olduğumuz aydın olacaq".

Keçmiş Divan üzvü həmçinin bildirib ki, MNTK fraksiyanın yaradılmasına heç bir qadağa qoya bilməz: "Fraksiya partiya daxilində eyni düşüncəyə malik, birgə fəaliyyət göstərmək istəyən, partiya üzvlərinin birlik modelidir. Bunu kiminsə bəyənməsinə və yaxud da icazə verməsinə ehtiyac duyulmur. MNTK-nın icazəsi bizə zatən lazım deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə