Parlamentin bu gün keçirilən plenar iclasında Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində ötən gün keçirilən "məhkəmə"ni müzakirə ediblər. SİA-nın xəbərinə görə, iclasda Avropa İnsan Haqları Məhkəməsi və digər təşkilatlara müraciət edilməsi və onların hüquqlarının müdafiəsinin təşkil olunması təklif olunub.
Millət vəkili Fazil Mustafa bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər: "Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini, bunun qarşılığında isə yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır".
Digər millət vəkili İqbal Ağazadə Milli Məclisin sədrindən azərbaycanlı girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq beynəlxalq təşkilatlar vasitəsilə göndərilməsini istəyib: "Onlar üzərində qondarma "məhkəmə" keçirilir. Biz heç olmasa çalışıb onların hüquqlarının normal müdafiəsini təşkil etməliyik. Bunun üçün nə lazımdırsa, mən hazıram. Lazımi beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər də göndərə bilərəm. Düşünürəm ki, onların hüquqlarının müdafiəsini təcili təşkil etməliyik".
Millət vəkili Qənirə Paşayeva da öz növbəsində bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir: "Hətta onların üzərində oyuncaq "məhkəmə" keçirilir. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur".
Vitse-spiker Bahar Muradova isə azərbaycanlı girovlar məsələsinin bu gün ağrılı və vacib olduğunu deyərək, onların üzərində qurulan "məhkəmə"ni hüquqi cəhətdən tanıyıb ora vəkil göndərilməsinin əleyhinə çıxıb: "Təbii ki, biz öz təhlükəsizliyimizi düşünmədən bir soydaşımız olsa belə, ən çətin məqama qədər gedə bilərik. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Lakin ümumi mövqeyimizə xələl gətirən fikirlər səsləndirməkdən uzaq olmalıyıq".
O həmçinin qeyd edib ki, təhlükəni gözə almadan həmin məhkəmədə iştirak etmək istəyən millət vəkillərinin istəyi düzgün deyil: "Ola bilsin ki, daxili auditoriya üçün belə bir fikirlərin səsləndirilməsi müsbətdir. Lakin bu, hüquqi mexanizm deyil. Çünki bu addım sadəcə "Dağlıq Qarabağ" rejimini tanımaq deməkdir. Peşəkar və bacarıqlı hüquqşünaslarımız beynəlxalq aləmdə beynəlxalq təşkilatların köməyi ilə həmin vətəndaşlarımızın hüquqlarını lazımi şəkildə müdafiə etməyi bacarmalıyıq. Bir sözlə, vətəndaşlarımızı girovluqdan azad etmək istiqamətində həm hüquqi, həm siyasi, həm də humanitar sahədəki imkanlarımızdan geniş istifadə etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB