ARGTMŞ Xəzər Gənclər Sammitində təmsil olunub

ARGTMŞ Xəzər Gənclər Sammitində təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikasının dövlət rəsmiləri, biznes qurumlar və gənclər təşkilatlarının nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Həştərxanda keçirilən Xəzər Gənclər Sammitində təmsil olunub. SİA-nın məlumatına görə, tədbirdə ARGTMŞ-ı təşkilatın media üzrə eksperti Günay Nəzərova təmsil edib.

Sammitdə iştirakçılarla Həştərxan vilayətinin hökumət başçısının sosial siyasət üzrə müavini Q.A. Zoteyev, Həştərxan vilayətinin qubernatoru A.A.Jilkin Gənclər işləri üzrə Federal Agentliyin rəhbəri S.V.Poselov arasında görüş keçirilib.

Sammit çərçivəsində tədbirin işçi qrupunun iclası keçirilib. İclas zamanı 5 mövzu – "Gənclərin əməkdaşlığı", "İnkişaf, əməkdaşlıq, sülh", "Gənclərin sahibkarlıq fəaliyyəti", "Mədəniyyətlərarası dialoq", "Ekologiya" mövzularında məruzələr dinlənilib və müzakirələr aparlıb. Günay Nəzərova iştirakçılara ARGTMŞ-nın fəaliyyəti, 3G strategiyası və media ilə bağlı təcrübəsi və 5 Xəzəryanı ölkə gənclərinin əməkdaşlığının səmərəli şəkildə inkişaf etdirilməsi üçün müasir informasiya texnologiyalarının açdığı geniş imkanlar barədə məlumat verib. Bu ölkələrin gənclərinin vahid informasiya portalının yaradılması imkanlarının nəzərdən keçirilməsini təklif edib. Xəzər Gənclər Sammiti iştirakçıları bu təklifi bəyəniblər və təklif Sammitin qətnaməsinə əlavə olunan protokola daxil edilib.

Tədbir çərçivəsində həmçinin Həştərxan Dövlət Universitetində təhsil alan gənclərlə görüş keçirilib. Həştərxan Dövlət Universitetində təhsil alan və fəallıqları ilə seçilən Azərbaycanlı gənclərin iştirakı ilə keçirilən görüş zamanı qeyd olunan ölkələrin gəncləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub və təkliflər səsləndirilib.

Tədbirin yekunu olaraq Xəzər Gənclər Sammitinin qətnaməsi imzalanıb. Azərbaycan tərəfindən qətnaməyə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası imza atıb.

Xəzər Gənclər Sammiti çərçivəsində 5 Xəzəryanı ölkəni təmsil edən gənclər Həştərxanda Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin adını daşıyan parkda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə