Millət vəkili AŞPA-da Azərbaycanda təhsil islahatlarından danışdı

Millət vəkili AŞPA-da Azərbaycanda təhsil islahatlarından danışdı

"Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Düzgün idarəetmə və təhsil keyfiyyətinin yüksəldilməsi" adlı mövzu ətrafında müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib.

Onun sözlərinə görə, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarında da öz əksini tapıb, eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edir. S. Qafarova bu baxımdan hesab edir ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasının əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır: "Eləcə də, bu proqram vasitəsilə gənclər nüfuzlu ali məktəblərə göndərilir və onlar zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Həmçinin, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və dövlətin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası da davam etdirilir. Bundan başqa, dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Ötən il ölkəmizdə təhsilə dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və yaxud 2222,5 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illərdəkindən xeyli çoxdur. Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Bu dövrdə Bakı şəhərində və respublikanın bölgələrində 2700-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Qeyd etmək lazımdır ki, təhsilimizin inkişafı dövlətlə yanaşı, Heydər Əliyev Fondu və Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da diqqət mərkəzindədir. Məlum olduğu kimi, Heydər Əliyev Fondu 2005-ci ildə təhsil sahəsində mühüm bir təşəbbüslə çıxış edərək "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir".

O, həmçinin bildirib ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən, həmçinin, "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" layihələri uğurla reallaşdırılmaqdadır: "Fondun dəstəyi ilə onlarla uşaq bağçaları, internat məktəbləri tikilib və təmir olunub. "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsi çərçivəsində 30-dan artıq internat və uşaq evi yenidən qurulub.

Cari ilin əvvəlində isə Heydər Əliyev Fondu yeni layihəsinin - "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının icrasına başlayıb, təmirə ehtiyacı olan yüzlərlə məktəbəqədər təhsil müəssisəsi proqrama salınıb, 100-dən artıq müəssisənin isə təmiri həyata keçirilib.

Məlumdur ki, Azərbaycan təhsilində müasir texnologiyaların istifadəsinin genişləndirilməsi də bu sahədə həyata keçirilən islahatların mərkəzində dayanır. Son 9 ildə İKT sahəsində icra olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində respublikanın əksər ümumtəhsil məktəbləri, texniki peşə müəssisələri, dövlət orta ixtisas təhsili müəssisələri və bütün ali məktəblər kompüter avadanlığı ilə təmin olunub.

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə "1 şagird - 1 kompüter" layihəsinin sınaqdan keçirilməsi üçün bir sıra pilot məktəblər seçilib. Layihəyə 15 pilot məktəb cəlb edilib. Bu məktəblərə ümumilikdə 2000-dən çox netbuk paylanıb və məktəblər simsiz internetlə təmin edilib.

Daha bir diqqəti çəkən məqam elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə 2008-ci ildən etibarən "Elektron Məktəb" layihəsinin həyata keçirilməsidir. Hazırda 50 təhsil müəssisəsi layihəyə cəlb edilib ki, onların da 43-ü orta ümumtəhsil məktəbidir.

Sözsüz ki, həyata keçirilən tədbirlər məktəblərin kompüterləşməsi sahəsində böyük irəliləyişlərə gətirib çıxarıb. Hazırda Azərbaycanda hər 25 şagirdə orta hesabla bir kompüter düşür. O da həqiqətdir ki, təhsil müəssisələri yeni nəslə bilik verməklə yanaşı, həm də vətənpərvər vətəndaşlar yetişdirir.

Bu baxımdan, Prezident İlham Əliyevin tapşırığı ilə gerçəkləşdirilən "Ölkəmizi tanıyaq" proqramının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində müxtəlif regionlarımızdan olan məktəblərin qardaşlaşması, şagirdlərin həmin regionlara və məktəblərə səfərlərinin təşkili, məktəblilər arasında görüşlərin keçirilməsi onların ölkəni daha yaxşı tanımalarına, regionların keçmişi və bugünü barədə biliklərini artırmalarına yardım edir".

Bütün xəbərlər Facebook səhifəmizdə