"Şotlandiyanın müstəqilliyi ilə bağlı keçirilən referendumun nəticələri bəllidir. Lakin başlıcası budur ki, həmin nəticələri müxalifət də qəbul edib. Ancaq o da bəllidir ki, referendumun nəticələrini tanımaq istəməyən tərəflər də var və həmin tərəflər separatçılardır". Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Şotlandiyada başa çatan referendumun nəticələrinə münasibət bildirərkən deyib.
Elman Nəsirov eyni zamanda xatırladıb ki, Böyük Britaniyanın tərkibindən ayrılmaq istəyən tərəfin müxalifət liderləri də belə fikir irəli sürürlər ki, hər halda Şotlandiya əvvəlki Şotlandiya olmayacaq və Böyük Britaniya da əvvəlki Böyük Britaniya olmayacaq: "Onlar belə deyirlər ki, bundan sonra Şotlandiyanın müstəqilliyi ideyasını gerçəkləşdirə bilməsək də hər halda müəyyən güzəştlər əldə etmiş olacağıq. Şotlandiya müxalifəti bunu özlərinin qələbəsi hesab edir. Amma hesab edirəm ki, dünyanın bir çox ölkələrində fəallaşan separatçılar kimi Şotlandiyada keçirilən referendumun indiki nəticələri buradakı separatçı qüvvələrə vurulmuş bir sillə effekti yaratdı. Çünki Dağlıq Qarabağdan olan separatçılar da Şotlandiyada keçirilən referendumun nəticələrini diqqətlə izləyirdilər və eyni zamanda da belə mövqedən çıxış edirdilər ki, hər halda Şotlandiyanın Böyük Britaniyadan ayrılması real görünür və bu hadisə oxşar situasiyada olan ölkələrə birbaşa təsir göstərəcək".
YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi bunu belə əlqələndirib ki, əgər Şotlandiya Böyük Britaniyanın tərkibindən ayrılsaydı, bu zaman qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçıları da bunu öz əllərində bayraq edərək, müstəqiliklərini dünya birliyindən tələb edəcəkdilər: "Erməni separatçıları düşünürdülər ki, bu eyni zamanda qondarma "DQR"-in ayırlmasını, eləcə də beynəlxalq birlik tərəfindən tanınmasını sürətləndirəcək. Yəni bunlar çox nikbin proqnozlar verirdilər. Amma hadisələrin gedişatı onu göstərdi ki, seçim qarşısında olan əhalinin, seçicilərin də böyük əksəriyyəti – 55 fazidən çoxu Şotlandiyada separatçı qüvvələrə "yox" dedilər və Şotlandiya Böyük Brtitaniyanın tərkibində saxlanıldı. Düşünürəm ki, referendumun nəticəsindən bütün dünya uddu və bundan BMT-nin Nizamnaməsində qeyd olunmuş ərazi bütövlüyünü dəstəkləyən bütün ölkələr qazandılar. Eyni zamanda millətlərə öz müqəddəratını həll etmək vasitəsini əldə bayraq edib dünyada separatçılığı dəstəkləyən və beləliklə anatxiya,xaos yaradan qüvvələr də bu mübarizədə məğlub statusu qazandılar. Beləliklə, Şotlandiyadakı referendumun nəticələri göstərdi ki, hər şey legitim olub, seçim prosesində hüquq pozuntusu, müdaxilə olmayıb, seçim qarşısında olan şəxslər öz mövqelərini açıq çəkildə ifadə ediblər, qüvvələr nisbəti isə nəticələrə görə tam realdır".
Politoloq həmçinin qeyd edib ki, əgər referendum separatçıların istəklərinə uyğun başa çatsaydı, bu amil dünyada alovlanan separatizmin üzərinə kerosin tökmüş olardı: "Ən başlıcası isə referendumda səsvermə hüququndan istifadə edən insanların böyük əksəriyyəti onun fərqində olublar ki, bu gün Şotlandiyanın taleyi ilə bağlı mövqe bildirmək əslində dünyada oxşar konfliktləirin olduğu, oxşar konfliklərin üzərinə kerosin tökmək, ya da ki, su tökmək effekti yarada bilər. Əgər separatizm qalib gələrdisə, bu zaman kerosindən istifadə ediləcəkdi. Yox əgər separatizmə "yox" deyildisə bütövlük və vahidliyi dəstəkləyən qüvvələr burada qalib gəldiləsə, artıq həmin alovun üzərinə su tökülmüş oldu. Ona görə də hesab edirəm ki, indi separatçı qüvvələrin seçkinin nəticələrini şübhə altına almaqla bağlı atdıqları addımları əslində, daldan atılan daş təsirini bağışlayır. Bu isə heç bir halda vəziyyəti dəyişməyəcək. Bir daha qeyd edirəm ki, separatçı qüvvələrin liderləri artıq referendumun nəticələrini tanıyıblar. Onlar da hesab edirlər ki, nəticələr tam legitimdir. Ona görə, artıq seçkilərin nəticələri ilə bağlı istər Ermənistanda, istərsə də separatçı "DQR"-də mətbuat və politoloqlar öz fikirlərini söyləyərkən öz məyusluqlarını gizlədə bilmirlər. Referendumun nəticələrindən pəjmürdə olduqlarını, gərginlik keçirdiklərini gizlədə bilmirlər. Bu baxımdan da düşünürəm ki, referendumun nəticələrindən bütün sivil dünya uddu. Ərazi bütövlüyünü dəstəkləyən dövlətlər bundan qazandılar və ayrı-ayrı separatçı qüvvələr məğlub oldular. Hesab edirəm ki, əslində belə qüvvələr həm də özləri üçün bir nəticə çıxarmalıdırlar ki, belə addımların faydası, əhəmiyyəti yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB