Mübariz Əhmədoğlu: “Bu, Serj Sarkisyanın böyük etirafıdır”

"Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənəcəyini bilə-bilə iştirak etdi. Məhz Serj Sarkisyan bu maddəyə görə, NATO-nun 2010-cu il Lissabon və 2012-ci il Çikaqo sammitində iştirak etmədi. Onun Uels sammitinə qatılması isə o deməkdir ki, iki il ərzində Serj Sarkisyanın apardığı siyasət Ermənistanı elə hala salıb ki, əvvəllər Azərbaycanla bağlı qoyduğu qadağaları pozmağa məcbur olub". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Mərkəz direktorunun sözlərinə görə, əvvllər Serj Sarkisyan güclü olduğunu düşünürdü və elə başa düşürdü ki, ermənilər nə desə dünya onu qəbul edəcək,ancaq indi özünün də, dünya ermənilərinin də zəiflədiyini anlayır: "Serj Sarkisyanın NATO-nun Uels sammitində iştirakının geo-siyasi mənası da var. Çünki, Serj Sarkisyan bu addımı ilə özünü Qərbə yaxın göstərmək istəyirdi. Ancaq, fakt budur ki, məhz Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan həm daxildə siyasət qura bilmir, həm də xarici siyasəti geriləyir. Bunun sübutu isə onun təyyarədən düşən kimi dərhal hakim Respublika partiyasının iclasını keçirməsidir. Bu iclasda isə Serj Sarkisyan açıq şəkildə düşüdükləri durumu təsvir etdi. O etiraf etdi ki, hətta deputatların parlamentin iclaslarına qatılmaması Ermənistanda vəziyyəti çətinləşdirir. Yəni Ermənistan o qədər ağır vəziyyətdədir ki, Serj Sarkisyan deputatlara yalvarır ki, iclasla qatılsınlar. Hesab edirəm ki, bu hədsiz dərəcədə böyük etirafdır".

"Eləcə də Serj Sarkisyan iclasda etiraf etdi ki, "Ermənistan Azərbaycanın daxilində iş görə bilməz. Çünki Azərbaycan siyasətini özü müəyyənləşdirir". Əlbəttə, bu düşmən nöqteyi-nəzərdən deyilən fikirdir. Amma həqiqətdir ki, Azərbaycan öz siyasətini quran zaman heç kəsin mövqeyini nəzərə almır. Çünki heç kimin maraqlarına toxunmayan siyasət yeridirik. Öz maraqlarımızı müdafiə edən siyasət qurduğumuza görə, digərlərinin fikirlərini nəzərə almağa ehtiyac yoxdur" – M.Əhmədoğlu vurğulayıb.

Politoloq xatırladıb ki, Serj Sarkisyan iki il bundan öncə "əminliklə" ifadə edirdi ki, yaxın vaxtlarda Azərbaycanın daxili vəziyyəti kəskin pisləşəcək: "Serj Sarkisyanın belə bəyanatlarının fonunda bizim Ermənistana gedib-gələn bəzi ekspertlər Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin düşmən olmağından danışmağa başladılar. Guya Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin düşmənidir və hakimiyyətə gələn kimi iki ölkə arasında düşmənçilik yaradacaq. Ancaq məlum olduğu kimi bu halların heç biri baş vermədi. Serj Sarkisyanın iki il bundan öncəki bəyanatından sonra hakim partiyanın iclasında Azərbaycan özü öz siyasətini qurduğunu deməsi hədsiz dərəcədə böyük etirafdır".

Polotoloq vurğulayıb ki, Ermənistanın həm daxili, həm xarici siyasəıti düzgün deyil: "Serj Sarkisyan Ermənistanda düzgün daxili və xarici siyasət apara bilmir. Bunun isə əsas səbəbi Azərbaycanın apardığı düzgün xarici siyasətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə