Araz Əlizadə: “Qoy başqan əlli dənə olsun, amma onların bir dənə də “ayaqqanı” olmalıdır”

"Yaxşı olardı ki, müsavatçılar özlərinə başqan seçməkdənsə, "ayaqqan" seçsinlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə İsa Qəmbərin qardaşı Rövşən Qəmbərin Müsavat Partiyası başqanlığına iddialıların bir yerdə toplaşaraq, kollegial başqanlıq postu yaratmaq təklifinə münasibət bildirərkən deyib.

ASDP sədrinin fikrincə, hər bir partiya kimi Müsavat Partiyası da qabağa getmək istəyir, ancaq bunu bacarmır. Ona görə də adıçəkilən partiyaya "ayaqqan" postu da gərəkdir: "Çünki Müsavat irəli getməlidir. Ona görə də qoy başqan əlli dənə olsun, amma onların bir dənə də "ayaqqanı" olmalıdır ki, o başqanları həmin ayağın üstünə qoyub irəliyə gedə bilsinlər. Ancaq həmin o əlli nəfər birləşib kollegial başqanlıq postuna sahib olsalar da, bir baş qədər ağıllı olmayacaqlar. Çünki onlarda kadr qıtlığı da var. Amma heç olmasa bir nəfər "ayaqqan" olsa, heç olmasa Müsavatı bir tərəfə doğru yavaş-yavaş dığırlada bilər".

Xatırladaq ki, Rövşən Qəmbər qardaşı İsa Qəmbər də daxil olmaqla, Müsavat Partiyasında başqanlığa iddialılara bir yerdə toplaşaraq kollegial başqanlıq postu yaratmağı təklif edib. Bu təklif siyasi düşərgədə birmənalı qarşılanmayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...