Mətbuat Şurası tədbir keçirdi FOTO

Bəhruz Quliyev: "Biz daimi bu məsələlərlə məşğul olmalıyıq"
Mətbuat Şurası tədbir keçirdi FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın İnformasiya təhlükəsizliyi məsələləri media müstəvisində" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, media kapitanları və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib. Dəyirmi masanı giriş nitqi ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, mövzu ilə bağlı məsələnin hələ də aktual olduğunu bildirib.

Ötən həftə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə media problemlərinə həs olunmuş toplantıya toxunan MŞ sədri qeyd edib ki, cəbhə bölgəsində baş verən döyüşlər zamanı media tərəfindən bir çox problemlər yaşandı: "Son döyüşlər zamanı kəndlərimizin bir-birinin ardınca düşmən tərəfindın işğal olunması ilə bağlı yanlış xəbərlər yayıldı".

Bəzi saytlardan sitatlar gətirən Ə. Amaşov vurğulayıb ki, hansı istiqamətdə hansı kəndlərin alınması, ordu hissələrinin dislokasiyası, əsgərlərimizin yaralanması ilə bağlı məlumatlar açıq şəkildə yayımlandı: "Bu da cəmiyyətdə ajotajın yaranmasına səbəb oldu. Görünür, bu xəbərlərin yayılması jurnalistlərimizin peşəkarlıqdan uzaq olması və Müdafiə Nazirliyinin məlumatları vaxtında verməməsi ilə bağlıdır".

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə diqqətə çatdırıb ki, avqust ayında yayılan yanlış informasiyalar insanları narahat etməyə bilməzdi: "Hesab edirəm ki, ilk növbədə hərbi sahədə yazmaq qabiliyyətinə malik olmaq lazımdır. Düşünürəm ki, həmin məlumatlar Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və təhlil olunmalıdır. Soçi görüşü ərəfəsində demək olarmı ki, ermənilər Azərbaycan ərazilərini işğal edib? Bu qeyri-peşəkarlıq və naşılıqdır. Biz düşünməliyik ki, qarşı tərəf bundan necə yararlanacaq. Mən həmkarlarımı bütün bunlardan dərs çıxarmağa çağırıram. Biz müharibə mövzusunda yazanda düşünməli və sonra qərar verməliyik".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, hər bir yazı böyük məsuliyyət daşımalıdır: "Bütövlükdə qanunun tam aililiyi bütün mətbu orqanlar üçün tətbiq olunmalıdır. Düşünürəm ki, ünvansız, mənşəyi və müəllifi bəlli olmayan saytalarla bağlı ciddi ölçü götürülməlidir".

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli diqqətə çatdırıb ki, media sahəsində ən böyük bəla bəzi elektron media vasitələri və portalların yaydığı informasiyanın hara və kimə ötürülməsinin mənşəyinin bəlli olmamasıdır: "Əgər onlar media kimi fəaliyyət göstərirsə, mütləq qeydiyyatdan keçməlidir. Hesab edirəm ki, bu barədə ciddi düşünmək lazımdır. Biz birgə olmalı və o yalan informasiya yayanları ifşa edib ortalığa çıxarmalıyıq. Hesab edirəm ki, qanunlarda mütləq dəyişikliklər olmalıdır. Bizim ölkədə hələ müharibə bitməyib. Bizim hər birimiz bu sahədə birləşməli və bütün bunları aradan qaldırmalıyıq".

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, əgər bu gün Ali məktəblərdə ixtisaslaşma mövcud olsa idi, həmin problemlər olmazdı: "Bu gün Azərbaycanda azad media mövcuddur. Bizim əsas problemimiz ondadır ki, bu gün istənilən məlumat mətbuatda ictimailləşə bilir. Biz daimi bu məsələlərlə məşğul olmalıyıq. Vaxtilə bildiyiniz kimi, bizim efir məkanlarda böyük problemlər yaşanırdı. Hələ 2009-cu ildə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət qəzeti "Azərbaycan"ın 2 oktyabr sayında "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqalə ilə çıxış etdi. Akademik televiziya kanallarını öz fəaliyyətlərində ciddi dönüş etməyə çağırmışdı".

Bəhruz Quliyev deyib ki, həmin müddətdən sonra efir məkanında bir qədər dönüş yaransa da, amma təəssüf ki, bu tam olaraq aradan qalxmayıb: "Bu gün heç bir Kütləvi İnformasiya Vasitəsində vətənpərvərliklə bağlı yazılar dərc olunmur. Gəlin, biz bu haqda düşünək".

Daha sonra "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, millət vəkili Musa Qasımlı və digərləri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə