BMT nümayəndəsi Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən danışdı FOTO

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması" layihəsi çərçivəsində Ağcabədi rayonunda şəhər toplantısı keçirilib. Fondun informasiya departamentindən SİA-ya verilən məlumata görə, toplantıda Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın departament rəhbəri Ayaz Nizamioğlu iştirak ediblər. Layihə haqqında ümumi məlumat verildikdən sonra layihənin təqdimatı olub.

Təqdimatdan sonra Ağcabədidə məskunlaşan məcburi köçkünlər üzləşdikləri problemləri səsləndiriblər. U. Rəhimoğlu və yerli icra strukturunun nümayəndələri köçkünlərin suallarını cavablandırıblar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb: "Bir faktı qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...