Bugünlərdə Moskvadan-kommunistlərin plenumundan geri dönən Azərbaycan Kommunust Partiyasının (AKP) sədri Rauf Qurbanov müxalifətyönlü saytların birinə verdiyi müsahibəsində ABŞ-ın siyasi baxışlarını və bu ölkənin siyasi maraqlarına xidmət edən QHT-ləri kəskin ittiham atəşinə tutub. SİA-nın məlumatına görə, Rauf Qurbanov Rusiya kommusistlərinin lideri Zyuqanovun da iştirak etdiyi plenumdakı çıxışında bir məqamı xüsusi olaraq dilə gətirib: "Amerikanın ölkəmizdə səfiri olmuş Morninqstarın "Azadlıq" radiosunun efirində hakimiyyətə verdiyi mesajı. Səfir səlahiyyət çərçivəsini aşaraq, ölkəmizin daxili işlərinə qarışaraq hökumətə ismarış göndərmişdi. Ukraynada Maydan hadisələrinin Azərbaycanda təkrarlana biləcəyini söyləmişdi. Çıxışımda qeyd etdim ki, belə bir mesaj məni narahat edir. Çünki Ukrayna hamının gözü qabağındadır. Mən vətənimdə belə hadisələrin olmasını istəmirəm. O nöqteyi-nəzərdən səfirin çıxışı normativ aktlara uyğun deyildi".
Azərbaycanda dövlətin öz maraqlarının olduğunu, lakin Amerikanın bundan istifadə etmək istədiyini deyən AKP sədrinin fikrincə, ABŞ bu kimi addımları ilə demokratiya bayrağı altında öz məqsədlərinə nail olmaq arzusundadır: "Necə ki, Ukraynada baş verən hadisələrə yanaşırlar.
Vaxtilə Yanukoviçi beynəlxalq məhkəmə ilə hədələyirdilərsə, indi ölkənin cənubi-şərqində tökülən qanlara, insanların göz yaşlarına göz yumurlar".
Azərbaycan kommunustlərinin lideri həbs edilən siyasiləşmiş QHT rəhbərlərini və "siyasi məhbus" elan edilən hüquq müdafiəçilərinin səbəbsiz yerə həbs olunmadıqlarını da vurğulayıb: "Heç kəsi durduğu yerdə tutmurlar. Əvvəla, sən niyə Qərb, Amerika təşkilatlarından maliyyə dəstəyi almalısan? Amerikanın öz problemi azdırmı, hələ sənə də pul versin? İndiki dövrdə qardaş-qardaşa 100 manat verəndə gözləyir ki, nə vaxt qaytaracaq. Amerikanın 13 trilyon büdcə kəsiri var. Ancaq açıq şəkildə deyirdilər ki, Ukrayna müxalifətinə 5 milyard pul xərcləmişik. Niyə xərcləmisiniz? O vəsaiti ölkənin sənayesinə investisiya qoyardılar. Hansı məqsədlə müxalifətə 5 milyarda pul verirsən? Sonra da o pulu ölkədən çıxarmağa çalışırsan.
Mən bilmirəm hüquq-mühafizə orqanları həbs edilənlərin fəaliyyətində hansı halları aşkar ediblər. Amma dövlətin maraqlarına zidd hərəkətlər yolverilməzdir. Hüquq müdafiəçisi niyə Amerikadan maliyyə dəstəyi almalıdır? O deməkdir ki, musiqini kim sifariş verirsə, o cür də rəqs edirsən".
"Niyə İsveçrə, İtaliya qrant ayırmır?" sualını edən Rauf Qurbanov Qərb təşkilatlarının QHT-lərə deyil, iqtisadiyyata vəsait ayırmalı olduqlarını bildirib: "Əgər belə ürəyi yanırsa, QHT-lərə yox, iqtisadiyyata pul ayırsın. Fərz edək ki, mənim ailəmə maliyyə dəstəyi verirsən. Sənin nə marağın var? Deməli, bunu ailəni üstümə qaldırmaq üçün edirsən. Həmin sərmayəni dövlətə yatırsınlar. Mən bu cür mövqeyimi ortaya qoyanda hakimiyyətlə uyğunluqda ittiham edirlər. Ancaq bu, mənim sosialist mövqeyimdir. Xarici skripkaya oynamağı düzgün saymıram. Bizim milli maraqlarımız olmalıdır. Heç bir alman, ingilis səni özündən üstün tutmaz. Amerikanın belə ürəyi yanırsa Qarabağ problemini həll etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB